''Mən səninlə fəxr edirəm!''

Rüzgar Mövsüm

Növbəti mənzilin qapısını döyüb “Boş butulka alıram. Varınızdır?” - deyə soruşanda, qapı tez açıldı. Qarşımda dayanan sinif yoldaşımı, əlaçı, qayğısız Zöhrabı dərhal tanıdım. Təəccübündən gözləri parıldayırdı. Mən də utandığımdan bir az qızardım.

Çünki bizim sinifdə 14-15 yaşda heç kim fəhləliklə, topdansatış dükanlardan kiçik dükanlara qazlı su və limonad daşıyıb hamballıq etməklə, həyət-həyət, qapı-qapı gəzib yığdığı boş butulkaların üstünə qəpik-quruş qoyub satmaqla pul qazanmırdı. Əslində, yəqin ki, utanmadım. Onun mənə verdiyi reaksiyaya çaşdığımdan özümü itirdim.

Zaman elə bil donmuşdu. Bir dəqiqənin içində Zöhrabla mən bir-birimizə məəttəl-məəttəl elə baxırdıq ki, elə bil, bizi kinoya çəkirdilər. Ona məktəbin nüfuzlu müəllimlərindən sayılan, Ana dili və Ədəbiyyat müəlliminin- Şəhla müəllimin oğlunun, Azərbaycan kinosunun cəngavərinin - Göygöz Kosaya qan udduran Elşənin(Gündüz Abbasovun) nəvəsinin boş butulka üçün qapıları döyməsi yuxu kimi gəlirdi. Mənim üçün isə bu adi bir şeyidi və qeyri-standard vəziyyətdə gözlənilmədən qarşısına çıxdığım Zöhrab sükutu pozub danışana qədər, mənim özümü itirmək hissim də harasa əriyib uçmuşdu. Çünki ortada QAZANMAQ söhbəti var idi və mən balaca canımla anama dayaq olmağa çalışırdım. Bəlkə də bu dayaq elə də böyük deyildi, görünməyəcək qədər balaca idi. Amma ən azından mən dəqiq bilirdim ki, bu, mənim anam üçün böyük bir şeydi. Bir də, masamızın üstündə aldığım çörək, qazın üstündə qaynayan xörək qazanı və anamın mənə dediyi “Mənim ceyran balam, mən səninlə fəxr edirəm” sözləri var idi. O, bu sözləri mənə hər gün demirdi. Amma mən bu sözlərlə hər gün yuxuya gedirdim, sabahları bu sözlərlə oyanırdım. Atalarının evə gətirdiyi rüşvət pullar ilə geyinib-keçinən riyakar tay-tuşlarımla, bahalı maşınlardan qızların ardınca telefon nömrəsi bağıran tay-tuşlarımla mənim aramdakı fərqləri axtaranda da, 10-12 saat işdən sonra qabar olmuş əllərimi, tərləmiş yorğun ayaqlarımı yuyanda da, mən ürəyimin içində anamın dediyi bu sözləri eşidirdim.

Əmin deyildim ki, mən, doğrudan da, fəxr ediləsi oğulam, ya yox, mən əmin deyildim ki, anama etdiyim kömək, doğrudan da, böyük bir şeydir, ya yox? Amma mən əmin idim ki, anam mənim əziyyətimə qiymət verir. Mən anam üçün fəxr mənbəyi idim. Bu əminlik mənə güc verməyə, özümü xoşbəxt hiss etməyə kifayət edirdi. Dünyanın ən nəvazişli, ən dost anası məni dünyanın ən çalışqan, ən yaxşı övladı edirdi.

“Mən səninlə fəxr edirəm!” - bu sözlər mənə ilk məhəbbətimin dodaqlarından ilk öpüşümü almağa da kömək eləmişdi, bu sözlər mənə 547 gün boyunca ordudakı bütün alçaqlıqlara, haqsızlıqlara dözüb, bir xəta törətmədən hərbi xidmətimi sağ-salamat başa vurmağıma da kömək eləmişdi. Mən bu sözlərlə yetişirdim, böyüyürdüm. Bu sözlər məni hər gün bir az daha çox kişi edirdi.

Zöhrabla dialoqumuz qısa oldu. O, mənə dedi ki, “narahat olma, məktəbdə heç kimə deməyəcəyəm”. Mən isə cavab verdim ki,” mənim üçün fərqi yoxdur, istəyirsən de”. Nə olsun ki, bizim məktəb şəhərin elit (Elit deyərkən, yəni o vaxtkı şəhər uşaqlarının dili ilə desək, sayılıb seçilən məktəblərdən idi. Bir çox tanınmış şəxs vaxtında orada təhsil alıb) məktəbidir və mən - oranın şagirdi, bloklarda nimdaş paltarda boş butulka yığıram? Mən heç bir eyib iş görmürəm axı. Razılaşdıq. Zöhrab dediklərimi başa düşdü, amma yenə də sinifdə heç kimə demədi. Ən azından, məncə, heç kimə demədi. Çünki sinifdə bu barədə bir dəfə də olsun heç kim danışmadı. Bəlkə də danışmaq istəmədi. Bilmirəm. Amma onu bilirəm ki, 14-15 yaşlı mən, pilləkanları düşüb, Zöhrabgilin blokundan çıxanda, bəlkə də dünyanın ən qoca adami idim. O pilləkanlarla qalxıb-düşən bütün insanların kədərini yığıb aşağı düşmüdüm sanki. Özüm də səbəbini bilmədən. Və mən bunun səbəbini uzun illər başa düşməkdə çətinlik çəkəcəkdim.

Amma il ilin üstünə gəldikdən, yaş yaşa calandıqdan sonra bu səbəbin nə olduğunu yavaş-yavaş başa düşdüm. Xüsusilə də, yeniyetmə oğlanların harınlıqdan etdiyi cinayətlər haqda xəbərləri eşidəndə, başa düşdüm ki, həmin gün içimdə olan o kədər, əksər anaların, ataların övladlarına dost ola bilməməsinin kədəridir. Bəlkə də övladını yaxşı, qayğısız böyütmək üçün yaxşı olmağı bacararsan; əlləşərsən, vuruşarsan,ya alın təri ilə qazanıb gətirərsən , ya rüşvət alarsan, ya rüşvət verərsən. Xülasə, birtəhər böyüdərsən. Amma bununla iş bitmir. Övladla ən birinci növbədə dost olmalısan. Ona çıxış üçün səhnə verməlisən.

Yaxşı, pis, fərqi yoxdur, əvvəl bütün çıxışlarında ona fəxr etdiyini deməlisən. Onunla fəxr etdiyini göstərməlisən ki, o da fəxr ediləsi performansı göstərsin. Onu dediyin sözlərlə onu dünyanın ən çalışqan ən yaxşı övladı etməlisən. Hər bir atanın, hər bir ananın övlad üçün ideal olmaq imkanı var. Onunla dost olmaq istəyirlərsə.

Mən yeniyetmə vaxtı işləməyə başlayanda, imkansızlıqdan işləmirdim. Hə, imkansız vaxtlarımız da olurdu, amma orta hesabla çox da kasıb ailə sayılmazdıq. Evdə mənim özümü doğrultmaq şansım var idi. Bilmirəm planlı şəkildə, ya plansız olurdu, lakin bu, belə idi. Mənim çıxış üçün geniş səhnəm var idi. Havayı pendirin ancaq siçan tələsində olduğunu qanmağım üçün evdə mənə havayı pendir verilmirdi. “Oxumaq istəyirsən? Oxu!”, “İşləmək istəyirsən? İşlə!” prinsipi. Bu, bugünkü ağlıma görə ən ideal tərbiyə üsuludur. Konflikt yox, istismar yox! Azadsan! Bir şərtlə ki, sən fəaliyyətə başlayırsansa, sənə verilən səhnəyə çıxırsansa, valideyinlərin sənin azarkeşlərin olacaq. Daha doğrusu, pərəstişkarların. İnam insana ən çox güc verə bilən amildir. Pərəstişkar sənə inanmalıdır və bunu sənə deməlidir. Sən hər addımını onun sevgisilə, inamı ilə atmalısan. Tək olmadığını başa düşmək üçün, sənə dəyər verildiyini hiss etmək üçün. Mənim anam mənim pərəstişkarım idi. “Ceyran balam, mən səninlə fəxr edirəm” deyən pərəstişkarım. Mən məhz bu ana-bala münasibətindən çox – ideal və pərəstişkar münasibətini xatırladan qüvvəyə görə yetkinlik yaşımın ən ağır günlərini asanlıqla arxada qoymuşdum. Bəlkə də bununla sən ən varlı, ən uğurlu olmursan. Amma xoşbəxt olursan.

Bu yaxınlarda bir biznesmenin 14 yaşlı oğlu maşınla iki uşaq anasını vurub öldürüb. Dəhşətdir.

Bu gün 32 yaşım var. Mən bu ağır vaxtlarda, dünyanın və mənim üçün əsasən Azərbaycanın özünü var gücü ilə dəliliyə qoyduğu bir vaxtda, qorumağa çalışdığım sağlam düşüncəmlə başa düşürəm ki, bu, 14 yaşlı qatil gənc kimi bir çox gəncin taleyinin necə olacağında dövlətin, sistemin böyük rolu var. Mən başa düşürəm ki, Azərbaycan hökuməti o qədər çürüyüb ki, “əl vurma, iylənər” məsəli iyrəncdir və bizim gənclik çox böyük problemlərlə üz-üzə durub. Mən böyük təəssüf və kədər hissindən az qala çapalaya-çapalaya dərk edirəm ki, Azərbaycanda sağlam və xoşbəxt ailə sahibi olmaq belə getsə, az qala lap mümkünsüz olacaq, amma nə qədər çətin olsa da, nə qədər iyrəncliklərlə, alçaqlıqlarla əhatə olunsaq da, valideyinlər birinci növbədə övladlarıyla dost olmalıdırlar. Sabahımız naminə, sağlam düşüncə sahibi olacaq övladların gətirəcəyi sağlam gələcək naminə.

İki uşaq anasını vurub öldürən o biznesmen oğlunun məlum tərzdə həyat sürməsinin ən birinci səbəbi ailədə onun dostunun, pərəstişkarlarının olmamasıdır. Hə, onun pərəstişkarı olmayıb, onun səhnəsi olmayıb. Ona çıxış imkanı verilməyib.

Və ən əsası, ən faciəvisi – nə ata, nə də ana, ona “Mən səninlə fəxr edirəm!” deməyib.

 

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.