Kütlədən ayrı düşmüş adam və eskalator ''zirvəsi''

Bakı metrosu

Köhnə dostum Fəridə eskalator şəkli göndərməsəydi gündəlik, adi bir əhvalatı buralara qədər daşımazdım. Amma ha çalışdımsa, hərəkətsiz eskalatoru bütöv ölkəyə bənzətməyə bilmədim. Özüm isə bu ölkədə sadəcə var olma statusu daşıyan kütlənin zəif bəndi idim.

***

Metronun “28 May” stansiyasında vaqondan çıxıb tıxacda addım-addım eskalatora tərəf irəlilədik. Mən yüngül, xırda vücud olaraq təxminən ortalara sıxışdırılmış halda ətrafdan xəbərsiz hərəkət edirdim. Kütlə qəfil dayandı və hər tərəfdən narazı səslər eşidildi. Eskalatorda problem yaranıbmış, ehtiyat çıxışı işə salmırdılar.

Nə baş verdiyini anlayana qədər özümü donmuş eskalatorun qarşısında gördüm. Qatlanmayan dizimlə naqolay, hündür pillələri qalxmağa gücüm yetməzdi. Aradan çıxmağı daha mümkünsüz hesab edib birincini sınamaq məcburiyyətində qaldım. Dörd ətrafımdakı insanlara güvənərək ilk addımımı atdım. Ayağım sızıldasa da, keçə bildim. Pillələr nisbətən azladıqca, özümə inamım artırdı. Hətta üzləşdiyim qəribə təsadüfə görə bu dəfə bəxtimi qınamırdım.

Belə nikbin ruha köklənib “zirvəni fəth etmək” ərəfəsində birdən o boyda yüksəkliyin ortasında tək qaldığımı duydum. İnsanlar çıxıb getmişdilər. Təzə sərnişinlər işə salınmış başqa eskalatorla qalxırdılar. Mənim qarşımda isə özüm adlayacağım nə qədər qaçılmaz pillə dururdu.

Canımdan qəribə bir təlaş keçdi, həyəcandan əllərimin üstünə qədər tərlədim. Aramızda heç bir öhdəlik, tanışlıq olmadığından “onlar məni qoyub getdilər” - deyə bilməzdim. Axına istər-istəməz özüm düşmüşdüm. Nəticəyə tək qatlaşmalıydım. Əlbəttə, əvvəlki inam itmişdi. Macəra kimi bir həqiqətlə üz-üzə qalmışdım. Yanımdan yüzlərlə adamın sanki “rəqs edərək” keçib getdiyi rahat pillələr mənim qarşımda az qala illər öncəsi qaldırıldığım ağır əməliyyat stolu kimi dururdu. Çox şişirdirəm kimi gələr adama. Yəni, altı-üstü eskalotorla piyada qalxmaqdı, dünyanın sonu deyildi ki! Bəli, dünyanın sonu deyildi, amma pillələrin də hələ ortası idi...

O boyda eskalator yalnız mənə məxsusdu. Zəhmli pillələrin üstündə oturummu, beş-on dəqiqəlik məsafədə gözləyən adama zəng vurummu? Yavaş-yavaş özümə gəlirdim. Hətta kütlə barədə beynimə “orijinal fikirlər” dolurdu. Üstəlik iki daşın arasında “görəsən üzümdə necə ifadə var ki, heç kəs şəklimi çəkmədi”, – deyə düşündüm. Beləcə ilhamlanıb qaldığım yerdən davam etdim.

Məsafə azaldıqca ürəyimin döyüntüsü artırdı, ayaqlarımı çəkib apara bilmirdim. Mən həyatımda cəmi bir neçə dəfə belə yorulmuşdum. Hərçənd çökmədiyim, təslim olmadığım dəfələrdə həyat şərtləri başqa, ruhum, canım indikindən güclü idi. Hələ əngəlim, zəifim ola-ola özümü mənasız risqə atmağımın xəcaləti də vardı. Bununla belə, nəhayət, sonuncu pilləni arxada qoyaraq girovuna çevrildiyim vəziyyətdən azad oldum!

Nəfəsimi dərər-dərməz özümü görüş yerinə çatdırdım. Gecikməyimi üzə vurmayan Fəridə gərgin görünməyimin səbəbini israrla soruşdu. İstini-bürkünü bəhanə gətirib doğru cavabdan yayındım. Vidalaşanda yolumuz eyni tərəfə olduğuna görə Fəridə metroya düşməyi təklif etdi. Ayaqlarım dərhal sızıldasa da, etiraz edə bilmədim.

Aşağı enən kimi şüşə köşkdən çıxan metroçu qadın yandakı eskalatoru göstərib gülümsədi:

– Normalda heç o qədər dayanmırdı. Amma siz axıra qədər özünüz qalxdınız. Ayağınız da nasazdı deyəsən... Lap kino kimi idiniz!

Rabitəsiz cümlələri mənim bayaqkı görüntülərimə birləşdirən Fəridə heyrətlə dilləndi:

– Maraqlı kino izləmisiniz! Təbrik edirəm...

P.s. Dostum həmin eskalatoru kədərli baxışlarla axıra qədər izləyib sol tərəfdən qoluma girdi. Yəqin “nasaz” ayağım o tərəfdə olduğuna görə...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.