Tahir Kərimlinin intihar dərsləri

Kor-təbii tabeçilik, qərarsızlıq, yuxarının xofu və sairə hallar müstəqil Azərbaycan məmurunun birmənalı fəaliyyət tərzidir. İstənilən hökumət rəsmisi öz “yuxarı”sının dilsiz-ağızsız aşağısıdır. Ortada daşdan keçən “mən buyruq quluyam” meyarı var, bir fərqlə ki, iyirmi birinci əsrin qalstuklu qulları internet istifadəçiləridir. Dünyada gedən elmi-texniki, ictimai-siyasi hadisələrdən xəbərdar “mütəşəkkil” dəstədir.

Onlara boş verib həyatımıza davam edə bilmərik. Çünki həyatımızla bağlı ən mühüm qərarları onlar verib, onlar icra edirlər. Yoxsulluğun, bahalığın, işsizliyin tüğyan etdiyi sosial durum ən adi hüquqlarımızdan məhrumiyyət hökmümüzdür. Məntiqi son fiziki dözümdən, çərləməyin sürətindən asılıdır. Az qala kütləvi hal almağa başlayan intihar yolu da istisna deyil. Hər gün çalınan həyəcan təbilidir.

Ötən həftə mövcud Milli Məclisin antik sözçülərindən biri Tahir Kərimli milli intiharla bağlı bəzi orijinal təkliflər irəli sürüb: “Sosial problem əsas götürülübsə düşünmək lazımdır ki, bu problemlər həll oluna bilər. Hansısa tədbir görmək, problemi həll etmək əvəzinə intihara əl atırlar”.

Elə bil mərhum xeyli elmi araşdırmadan sonra sosial problemi əsas götürürərək kəndiri boğazına keçirib. Amma intihara əl atmazdan əvvəl hansısa tədbir görsəydi, problemin həll olunma ehtimallarını nəzərə alsaydı, hər şey nə qədər rahat və asan olardı! Amma, bu, necə, nəyin, kimin hesabına olacaqdı Tahir Kərimli? Əldə yox, ovucda yox. Şansı üzünə gülüb oralara düşə bilsə belə, hökumətin aidiyyətli orqanlarında vətəndaşın problemi həll edilərdimi? Onun param-parça edilmiş haqları bərpa olunardımı? Çaba göstərməyibmi, əlləşib-vuruşmayıbmı deyirsiz? Adam o yolları sınamayıbmı deyirsiz? Bütün sevgilərə, dəyərlərə eləcə tənbəllikdən tüpürüb gedibmi deyirsiz?

“İntihara təhrik etmə halları qanunla cinayət məsuliyyəti hesab olunur. İntihar həddinə çatdırma hallarına təəssüf ki, çox tez-tez rast gəlirik. Bu kimi faktlar olduqda hüquq-mühafizə orqanları ciddi araşdırıb, tədbir görməlidir ki, görk olsun və heç kimi intihara cəhdə təhrik etməsinlər”.

Keçmiş hakim olaraq normal yanaşmadır. Amma siz ciddisinizmi Tahir Kərimli? Bu ölkədə hansı hüquq- mühafizə orqanı dirini qoyub, ölüyə hay verər? Üstəlik qeyd etdiyiniz kimi “intihar düzgün hal kimi qəbul olunmur”. İntihara təhrik edən isə həmişə düzgün yoldadır. Çünki ölüdən şahid çıxmaz. Ölü sahibindən isə şikayətçi heç çıxmaz.

Bütün belə hallar üçün çox pozitiv mentalitetimiz var: “Nə etsən də, gedən qayıtmayacaq, heç olmasa qalanlara bir fayda toxunsun”. Şübhəsiz, intihara təhrik edən vəzifə, imkan sahibidirsə, günah min faiz öləndədir. Yalnız kasıb-kusuba “intihara cəhdə təhrik etmə” ittihamı oxuna bilər, onda da qohum-əqraba yığışıb məcəllədə dəyişiklik edirlər.

Bütün belə hallarda ortaya bərayi-ehtiyat ölənin “ruhi xəstə” və yaxud içkiyə aludəliyi barədə arayış çıxır. Və nə təsadüf ki, bu yerdə görk keçərli olmur.

Müsahibədə intihar edənlərin dəfni ilə, daha doğrusu dəfnsizliyi ilə bağlı vurulan yersiz, bayağı işarələri dartışmağa dəyməz. Qaldı ki əksər intiharların formal parlamentdə qəbul edilən “iflic qanunlar”a, oliqarx üsul-idarəsindən, baş alıb gedən məmur özbaşınalığından qaynaqlandığını gizlətmək mümkün deyil. Kreditlə doğulan uşaqlar kreditlə evlənib, xəstələrini kreditlə əməliyyat etdirib, ölənlərini kreditlə yerdən götürürlər. Hərçənd bu şərtlər altında belə intihar yolverilməzdir.

Eyni ölkədə yaşasaq da, millət vəkili Tahir Kərimlinin millətin halından xəbərdar olduğuna inanmırıq. Yoxsa allah qorusun, yenə intihara cəhd edərdi...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.