Bill Qeyts fenomeni, ABŞ qüdrətinin sirri

Bill Qeyts

Pedaqoqlardan biri maraqlı fikir irəli sürüb: Tərbiyənin üç vasitəsi vardır. Onun birincisi nümunədir, ikincisi də nümunədir, üçüncüsü yenə də nümunədir. Bill Qeytsin həyatı və fəaliyyəti onun timsalında insan zəkasının, əməyinin, qüdrətinin, möcüzəsinin nümunəsidir. Özünün gərgin, halal əməyi və istedadı ilə o, informasiya texnologiyası sahəsində inqilabi dəyişikliklər yaratdı. Bundan başqa, Bill Geytsin həyatının ən maraqlı, ibrətamiz səhifəsi onun filantropiya fəaliyyətidir. Orta təbəqinin nümayəndəsi olan Bill Geyts istedadı və əməyi sahəsində planetin ən varlı şəxsinə çevrilir. Bu zaman onun həyatının yeni səhifəsi başlanır, filantropiyada özünü təsdiq edir, deyərdim ki, burada da inqilabi dəyişiklik yaradır. Filantropiya fəaliyyəti onun əvvəlki yaradıcı fəaliyyəti qədər bəşəri və dəyərlidir.

Filantropiya qədim yunan sözüdür, “bəşəriyyətə məhəbbət” mənasına gəlir. Məqsəd və miqyasına görə filantropiya xeyriyyəçilikdən fərqlənir. Xeyriyyəçilik daha çox cari problemlərin həllinə xidmət edir. Filantropiya isə ağır və kəskin problemlərin səbəblərinin aradan qaldırılması, varlı şəxslərin maliyyə vəsaitlərinin həmin problemlərin həllinə yönəldilməsidir.

İctimai rifaha investisya yatırmaq Amerika sənayeçilərinin, varlı şəxslərin qədim və zəngin ənənəsidir. Amerikada polad sənayesinin maqnatı olmuş filantrop Endriyu Karneqi “Sərvətin Bibliyası” essesində yazırdı ki, varlı şəxsin həyatı iki hissədən ibarətdir. Birinci dövr – sərvəti toplamaq, ikinci dövr – həmin sərvəti insanlar arasında bölüşdürmək. Böyük filantrop həmin ideyaya sadiq qalaraq sərvətindən özü və ailəsi üçün müəyyən qədər saxlamaqla qalan böyük vəsaitini filantropiya məqsədlərinə sərf edir.

Böyük demokrat, alim, filantrop Bencamin Franklin yazırdı: “Mən üstün hesab edirəm ki, gələcək nəsillər mənim haqqımda o varlı şəxs deməkdənsə, o, faydalı insan idi desinlər. Bencamin Franklin haqqında yazırlar ki, filantropiya müəyyən mənada onun dini idi.
Amerika varlıların filantropiya ənənələrini Bill Geyts irəli apararaq daha da zənginləşdirdi. Bill Geyts və həyat yoldaşı Melinda Afrikadan qayıtdıqdan sonra dərhal yoxsulluq, xəstəliklərlə mübarizənin təşkili barədə fəaliyyətə başlayır və Fond yaradırlar. 1994-cü ildə Geyts özünün qiymətli kağızlarını satır və atasının şərəfinə Uilyam Geyts Fondunu yaradır. 2000-ci ildə xeyriyyə fondu Bill Melinda Fondu kimi təşkil olunur. Fond artıq 2014-cü ilə qədər təhsil, səhiyyə Qlobal proqramlara 31.6 milyard dollar vəsait sərf edir. 2014-cü ildə Fond 42 milyard dollar xeyriyyəçilik praktikasında yeni səhifə açır. Fond məqsədləri barədə belə yazırdı: “Bizim məqsədimiz dünyada ən kasıblara kömək etməkdən, təhsilin keyfiyyətini yüksəltməkdən ibarətdir”. Harvard Üniversitetindəki çıxışında Bill Geyts bildirdi ki, bəşəriyyətin böyük nailiyyəti təkcə onun kəşfləri deyil, bərabərsizliyin azaldılması üçün bu kəşflərdən necə istifadə edilməsindədir”.

Bill Geyts öz vəsatinin 95%-ni Fonda vermək istədiyini bildirir. Bu vəsait onun özünün və həyat yoldaşının vəfatından sonra 20 il müddətinə Fondun məqsədləri üçün sərf olunacaq. Səhiyyə sahəsində Fond genişmiqyaslı proqram həyata keçirir. 2015-ci ilin vəziyyətinə görə, Proqram bir milyard insanı təhdid edən 18 xəstəliyə qarşı mübarizə aparmağı nəzərdə tuturdu. Proqramın ən böyük nailiyyətlərindən biri Poliomielit xəstəliyinin aradan qaldırılması sahəsində onun uğurları oldu. 1988-ci ildə həmin xəstəlik dünyanın 125 ölkəsində yayılmışdı, hər il 350 min insan, əsasən uşaqlar paralic olurdu. Həmin il poliomielitin ləğv edilməsi üçün Qlobal təşəbbüsə stard verildi. Nəticə çox uğurlu oldu. Həmin xəstəlik 99% azaldıldı.

Hazırki məqalədə Fondun bütün fəaliyyətini yazmaq çox maraqlı və ibrətamizdir. Lakin bu daha geniş yazının mövzusudur. Əsas məqsədimiz filantropiyanın nəcib, xeyirxah, bəşəri məqsədini göstərməkdir. Filantropiyanın məqsədi təhsilin və bərabər imkanların təmin edilməsidir.

Bill Geytsin ən böyük nailiyyətlərindən biri də onun məşhur şəxsləri filantropiyaya cəlb edilməsidir. Bill Geytsin filantropiya fəaliyyəti digər milyonçulara da dərin təsir edir, məşhur milyader Uorren Baffett öz vəsaitnin 99%-ni xeyriyyəçiliyə verməyi vəd edir. Bu sahədə daha mühüm addım milyarder Uorren Boffett ilə Melinda arasındakı sənəd Bağışlamaq Andıdır. Bağışlamaq Andına görə Andı imzalayan milyaderlər, eləcə də bu statusa iddialı olan şəxslər öz sərvətlərinin 50% -ni xeyriyyə işlərinə vermələrini öhdələrinə götürürlər. Bu, hüquqi müqavilə deyil, mənəvi öhdəlikdir. Həmin kampaniyaya 2015-ci ilin yanvarına qədər 128 nəfər şəxs qoşulmuşdu. Bunların içərisində Facebookun əsasını qoyan, 23 yaşında milyarder olan Mark Zukerberq də var. Zukerberq filantropiya sahəsində öz layihəsini daha yaxşı təşkil etmək üçün Bill Geytsə müraciət etmişdi. Bill Geyts bu sahədə Zukerberqə mənəvi kömək göstərməyə məmnuniyyətlə razı olub və iki məşhur şəxsin əməkdaşlığı yaranıb, şübhəsiz ki, bu əməkdaşlıq dünyaya öz xeyrixah əməllərini bəxş edəcək.

Filantropiya və xeyriyyəçilikdə ölkəmizin də zəngin ənənəsi var. Bu işdə söhbət gedərkən Bakı milyonçularının xeyrixah əməlləri xatırlanmalıdır. Xüsusilə rəhmətlik Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi böyük şəxsiyyətlərin xeyriyyəçiliyi böyük məktəb, irs, parlaq nümunələrdir. İndi bu ənənələrin vəziyyəti ürəkaçan deyil, bu isə başqa mövzudur.

Bill Geyts fenomeni haqqında düşünərkən müəyyən ümumiləşdirmələrə gəlmək olur. Bill Geytslərin Amerika cəmiyyətində yaranması təsadüfü deyil. Atalar sözündə deyilir: “Balıq dəryada böyüyər”. ABŞ böyük imkanlar ölkəsi sayılır. Böyük imkanlar dünyanın istedadlı, işgüzar insanlarını həmin ölkəyə maqnit kimi çəkir, insanların potensialını üzə çıxarır, bu da öz növbəsində onları və eyni zamanda dövləti zənginləşdirir.

“Amerika vergi xidmətinin statistikasına uyğun olaraq ABŞ da beş milyon milyonçu var. 300 milyarder öz fəaliyyətlərinə sıfırdan başlayıb. Hər il 100 mindən çox amerikalı milyonçu olur, yəni orta hesabla hər beş dəqiqədən bir yeni milyonçu yaranır” (Б.Трейси – Достижение максимума. Минск. 2015. S. 14.).

Dövlətin zənginliyi onun vətəndaşlarının zənginliyindən başlanır. Fikrimcə, ABŞ qüdrətinin, zənginliyinin sirri bundadır.

Mövzuya nöqtə qoymaq istəməzdim, arzu bildirirəm: Balinalar okeanlarda üzür, okeanları sevmək lazımdır, okean sevgisi ilə!..