Orxan Adıgözəl
Orxan Adıgözəl

Feminizm qıcqıranda

“Seksizm” sözündən artıq ürəyim bulanmağa başlayıb.

Nədir seksizm?

“Seksizm” - hər hansı bir sosial cinsə aid olma səbəbindən yaşanmış ayrıseçkiliyin bir növüdür.

Əsasən sosial şəbəkələrdə “feminizm”-i təbliğ edən səhifələri izləyən bir qrup gənclər arasında istifadə olunan bu ifadəni son vaxtlar tez-tez eşitməyə başlamışam. Hətta fikir vermişəm ki, həmin qrup arasında bilən-bilməyən hamı bu sözü geninə-boluna istifadə etməyə çalışır. Elə olub ki, həmin gənclərin neçəsinə canlı şəkildə sual vermişəm ki, bəs, seksizm nədir, bunların çoxu da cavab verib: ‘Qadınları incitmək”.

Əslində seksizm ümumi ayrı-seçkiliyə qarşı olsa da, o sözü istifadə edənlər həmin ifadəni sırf qadınlara qarşı olan ayrı-seçkiliklə assosiasiya edirlər. Bu yanaşmanın özü elə ayrı-seçkiliyin aşkar nümayişidir. Guya ayrı-seçkiliyə məruz qalan, əzilən ancaq qadınlardır.

Bəli, mən təəssüf hissi ilə qeyd edirəm ki, nəinki ölkəmizdə, həmçinin, bütün dünyada ayrı-seçkiliklə qarşılaşanlar və istismar olunanlar daha çox qadınlardır. Bu ədalətsizliyin təbii və xoşagəlməz səbəbləri var. İndi durub burda bunun səbəblərini, tarixini nə yazacam, nə də təhlil edəcəm. Həm də çoxumuz bunları bilirik. Bilməyənlər istədikləri vaxt həmin bilgiləri toplamaq üçün internetdə axtarış apara bilərlər.

“Seksizm” sözü artıq mənim üçün qütbləşməni ehtiva etməyə başlayıb. Mənə görə həmin söz klişe ifadələr sırasına daxil olaraq, qeyri-səmimiliyi tərənnüm etdirən “Allahdan başqa heç kimdən qorxmuram,”, “camaatın anası-bacısı var,” “dövlətçiliklə-‘dövlətçilik’ etməzlər”, “analoqsuz inkişaf” və s. sözlərindən fərqlənmir.

Ümumiyyətlə, mən demək olar, bütün “izm”-lərə anti-patiya ilə yanaşıram. Ən çox da o “izm”-lərin radikal şəkildə təbliğ və təşviqinə qarşıyam. Çünki daha çox cinslərarası qütbləşməni dərinləşdirən həmin “izm” söz sonluğu ilə bitən cərəyan və hərəkatlardır.

İndi isə məni “sərt seksist” adlandırıb, yazılarımda qadınları aşağıladığımı və ayrı-seçkilik saldığımı iddia edən “Seksizm iy verəndə...” məqaləsinin müəllifi Rövşanə Orucovaya cavab vermək istəyirəm.

Əvvəlcə müəllifə yazıma reaksiya verib, əziyyət çəkib akademik səviyyəli məqalə yazdığı üçün təşəkkür edirəm. Ona görə həm də “akademik” deyirəm ki, həmin məqaləni oxuduqda, sanki hansısa professorun elmi əsərini oxumuş kimi oldum. Rövşanə Orucovaya həm də ona görə təşəkkür düşür ki, məqaləsini oxuyandan sonra bazamda beynəlxalq terminlərlə bağlı xeyli yenilənmə oldu. Sağ olsun, mənə çoxlu latın sözü öyrətdi. Ona görə bu yazımda həmin şəxsə “Rövşanə müəllimə” deyə müraciət edəcəyəm.

Feminzm bayrağını əlinə alaraq, üstümə “Səlib yürüşü” edən Rövşanə müəllimə tanımadığı şəxsi “sərt seksist” adlandıraraq, ona şər və iftira atır. Şərin bədəlindən və ağırlığından, nə qədər qeyri-etik davranış olduğundan da yazmayacağam. Müəllimədir də, arada belə emosinal ola bilər. Ağzım nədir cavab verim?! Bir də gördün onda da, qədim dillərin hansındansa istifadə edib, məni “tərbiyəsiz”, “sərt sadist” də elan etdi.

Rövşanə müəllimənin uca savadına sığınaraq, onun mərhəmətinə ümid edib, incə şəkildə ərz etmək və xəfif şəkildə bəzi fikirlərimi bildirmək istəyirəm. İnşallah, müəllimənin ultraemosianal qəzəbinə tuş gəlmərəm.

Həmin məqalə qətiyyən məni hiddətləndirmədi. Çünki onun təbirincə desək, nə “sərt seksist” əm, nə də ayrı-seçkilik edirəm. Sadəcə bəzi məsələlərə aydınlıq gətirmək üçün bu məqaləni yazmağa qərar verdim.

Təhsil aldığım universitetdə öncə qadınla kişi arasındakı münasibətləri araşdırmağa başlamışam. Yəni qadınla-kişinin ənənəvi münasibətlərini. Araşdırmalarımda psixoloqların, sosioloqların, eləcə də iqtisadçıların ümumi və fərdi rəylərindən istifadə edərək, nəzəri-praktiki nəsnələrdən maksimum yararlanıram. Təhlillərdən və müxtəlif səpkili aktlardan ortaya çıxardığım nəticələri publisistik yazı şəkilində yazır və dərc olunmuş həmin yazıları ictimaiyyətlə də bölüşürəm.

Bəs bunu nə üçün edirəm?

Məqsəd maarifləndirmək və çətinliyi az da olsa yüngülləşdirməyə hesablanıb.

Ağır iqtisadi dövrün və qəlibləşmiş mental ənənələrin gətirdiyi konfliktlər fonunda qadın və kişinin birgəyaşayışı sıradan çıxmış haldadır. Nəticədə genişmiqyaslı ayrılıqlar və boşanmaların şahidi oluruq. Bütün bunlar ailə inistitutunun zəifləməsinə və kütləvi depressiyalara səbəb olur. Həmin depressiyalar ki, demək olar, insanların aqressivləşməsinə gətirib çıxarır.

Aqressiya isə insanı həyatın bütün sferalarında inkişaf etməyə qoymur. Əsəb xəstəliyi olmaqla, digər müxtəlif xəstəliklərin başında aqressiya durur.

Bu yaxında Cefri C. Foksun biznes sahəsini əhatə edən “Necə güclü rəhbər olmalı?” kitabında oxuduğum xırda bir fikiri də sizinlə bölüşmək istəyirəm. Foks “10 bədbəxtlik” adlı məqaləsində boşanmağın da həmin sırada olduğunu qeyd edib. Onun fikirincə iş sahəsində irəliləməyə başlayan şəxsin həyatında boşanma yaşanırsa, həmin adam ən azı bir il ərzində heç bir inkişaf yolunu tuta bilmir. Hətta əgər həmin adam müəyyən iş yerinin rəhbəridirsə, onda vəziyyət daha da ağırlaşa bilər.

Elə anlaşılmasın ki, mən boşanmalara qarşıyam. Xeyr. Əgər iki insan yola gedə bilmirsə, tərəflər bir-birini incidirsə, bunun yolu ancaq ayrılmaqdır.

Azərbaycandakı vətəndaşların boşanmalarının əsas səbəbi iqtisadi nüanslarla bağlı olsa da, digər şeylər dolayı və birbaşa olaraq sırf psixoloji və sosioloji məsələlərdən qaynaqlanır.

Cütlüklər konkret olaraq bir-birlərini “didirlər”. Uzunömürlü və sağlam münasibətlərin inkişafı, münasibətə bir növ iş kimi baxmaq, ona davamlı “investisiya” (yatırım) qoymaq və ən əsası öz yerini bilməklə olur. Yəni, münasibətin bütün sferalarında kişi kişi kimi, qadın da qadın kimi öz yerini bilməlidir.

Uzun müddətdir ictimai yerlərdə müşahidə etdiyim mənfi bir tendensiya da “Qadınlar nə istəyir?” tipli məqaləni yazmağıma səbəb oldu. Bakıda neçə-neçə ticarət mərkəzlərində, müxtəlif restoranlarda ətrafdakı cütlükləri müşahidə edərkən qızların oğlanları uşaq kimi danladığını sezirəm. Həmin qızlar kənardakıları nəzərə almadan öz partnyorlarına qışqırır, onları aşağılayır və yumağa dönüb büzüşmüş aciz oğlanlar da qızlara bir kəlimə də deyə bilmirlər ki, “sus, ayıbdır, bu məsələni tək olanda müzakirə edərik”.

Hə, bu gün Azərbaycan qadınlarının böyük əksəriyyəti kişilərdən daha fəal, cəsur və vicdanlı həyat sürürlər.

Şərəfsiz kişilər qadınları incitdikcə, həmin qadınlar daha da qüvvətlənir və fəallaşırlar. Mən qadınlarımızın fəallığına və güclənməsinə çox sevinirəm, sadəcə, kişilərin qadınlarla ədalətsiz davranışı və ondan sonra ortaya çıxan mənfi nüfuzdan və əlaqələrin pozulmasından çox narahatam. Boşanmış qadınların yetişdirdikləri oğlan uşaqları da evdə kişi modeli görmədikləri üçün sabah qadınlarla doğru-düzgün davrana bilmirlər.

Feministlər nə qədər deyirlər desinlər, bir fakt var ki, heç bir qadın heç bir oğlan uşağını kişi kimi tərbiyə edə bilməz! Bunun üçün mütləq ədalətli və güclü xarakterə malik kişi-ata lazımdır və labüddür.

Axı mən niyə davranışlarımı başdan-ayağa aqressiv hərəkat olan feminizmin “konstitusiya”sı ilə müəyyən etməli və münasibət strukturumu onların zövqünə görə seçməliyəm? Bəli, feminizm radikallıqla dolu, bərabərlikdən daha çox ayrı-seçkiliyi təbliğ və təşviq edən cərəyandır. Onların çoxunun əsəblərinin üstü daim çılpaq vəziyyətdədir. Sanki məqam axtarırlar ki, hansısa kişi nəsə desin və bunlar da avtomatik reaksiya verib ani və sərt şəkildə hücuma keçsinlər. Bir də müşahidə etmişəm ki, feministlərin çoxunun şəxsi həyatı heç də yaxşı olmur. Onlar təbiətə zidd getdikcə, təbiət də onları cəzalandırır.

Çaşıb kiminsə dilindən “kişi”, “kişilik” tipli sözlər eşidələr, o dəqiqə həmin adamı az qalırlar çarmıxa çəksinlər.
Mən nə yazılarımda, nə də şəxsi həyatımda qadınları əzəcək, ya da onlara qarşı ayrı-seçkiliyə yol verəcək addımlar atır, nə də bunu özümə yaraşdırıram. Onsuz da ağlı başında olan, düşünə bilən, adekvat kişi öz gücündən, əlindəki imkanlardan istifadə edib qadınları incitməz. Yazdığım yazılar vasitəsilə də çalışıram ki, qadınları inkişafa səsləyim. İstəyim onları daha güclü və xoşbəxt görməkdir. Bir də, diqqətli, qərəzsiz oxucular, məni tanıyanlar bilir ki, yazılarımda daha çox qadınları incidən, qeyr-adekvat kişiləri hədəfə alır və onların mənfi davranışlarını tənqid edirəm.

Rövşanə müəllimə elə hesab edir ki, mən ayrı-ayrılıqda qadın və kişidən danışmaqla, sağlam münasibətlərə qarşı gəlirəm. O, bu yazıları təəssüf ki, ancaq öz feministik təfəkkür pəncərəsindən görür və qaynayan, həmişəoyaq feminizm aqressiya və qərəzi ilə haqqımda “seksist” fikirinə gəlmiş olur.

Əziz Rövşanə müəllimə, kişilər və qadınlar arasında olan qütbləşmə daha da dərinləşir və bu gediş cəmiyyətə heç də fayda verməyəcək. Unutmayın ki, burda da feminizmin böyük rolu var.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.