29 oktyabr, 2015. Milanda keçirilən “EXPO 2015” qlobal sərgisində ziyarətçilər Azərbaycan pavilyonunun qabağında növbədə dayanarkən.
29 oktyabr, 2015. Milanda keçirilən “EXPO 2015” qlobal sərgisində ziyarətçilər Azərbaycan pavilyonunun qabağında növbədə dayanarkən. Fotoqraf: REUTERS/Alessandro Qarofaldo

Expo xronikası: Milan-2015 təcrübəsi

Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva 2025-ci ildə baş tutacaq “Ümumdünya Sərgisi”-nin Bakıda keçirilməsi üçün kampaniya təşkil edib. Əgər Bakı rəqibləri Osaka (Yaponiya) və Yekaterinburqa (Rusiya) qalib gəlsə, Azərbaycan altı ay davam edəcək sərginin keçirilməsi üçün milyardlarla dollar xərcləyərək, böyük bir məkan inşa etməlidir. Park və köşkləri da özündə ehtiva edəcək məkanın Abşeron yarımadasında inşası həm də, paytaxtın əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir. Azərbaycanın diplomatik heyəti vitse-prezidentin planına dəstək almaq üçün hazırda dünyanın hər yerində lobbiçiliklə məşğuldur. Rəqiblərin güclü olmasına baxmayaraq, hər şey baş verə bilər. Təşkilatçıların imkanları dəyərləndirmək üçün aprelin 17-19-da baş tutacaq Bakı səfərindən sonra, noyabrın 15-də Parisdə keçiriləcək 170 ölkə arasındakı səsvermədə Azərbaycanın sərgidəki taleyi həll olunacaq. 

Azərbaycan bu tədbiri keçirmək niyyətində olduğunu ilk dəfə 2015-ci ildə, Milanda keçirilən Ümumdünya Sərgisində bəyan edib. EXPO keçirməyin incəliklərini anlamaq üçün Meydan TV Milan təcrübəsi haqqında yazılmış kitabın həmmüəllifləri, eyni zamanda araşdırmaçı jurnalistlər Lorenzo Banyoli (Lorenzo Bagnoli) və Luka Rinaldiyə (Luca Rinaldi) üz tutub. Keçirilən kampaniya ərzində İtaliya öz təkliflərinə görə inkişaf etməkdə olan ölkələrin səsini almaq üçün milyonlar xərcləyib. Mafiyanın da içində olduğu korrupsiya qalmaqalları tədbirin hazırlıqlarına təsir edib, üstəlik, sözü verilmiş, lakin tamamlanmamış infrastruktur layihələrinin faydaları hələ də gözəçarpmır və o cümlədən, bu layihələrin yarımçıq qalma ehtimalı da var.

Əgər Bakı “EXPO-2025”-ə evsahibliyi etməli olsa, Mehriban Əliyeva və onun komandası Milan təşkilatçılarından daha uğurlu ola biləcəkmi? Azərbaycanın indiyə qədərki göstəriciləri bunun əksini deyir...

MİLAN-2015

2015-ci il, aprelin 3-də Milanın yaxınlığında keçirilən sərginin qərargahında asılan “Expo 2015” loqosu.
2015-ci il, aprelin 3-də Milanın yaxınlığında keçirilən sərginin qərargahında asılan “Expo 2015” loqosu.. Fotoqraf:: REUTERS/Giorgi Perottino

Milan 2006-cı ildə kampaniyaya başlayanda EXPO sadəcə bir xəyal idi. Şəhərin 2015-ci ildəki vəziyyətini təsəvvür etmək o zaman üçün mümkünsüz görünürdü. Siyasətçilər öz çıxışlarında deyirdilər ki, EXPO nəinki Milanı, hətta bəlkə İtaliyanı belə dəyişə bilər. Şübhəsiz, sərgi Milana daha çox turist cəlb etmək imkanı verəcəkdi. Lakin vəd etdiyi mənfəətlə yanaşı, sərginin mənfi nəticələr doğurma ehtimalı da vardı. 

Beynəlxalq sərgini təşkil edən İtaliya şirkəti “EXPO 2015” SpA-nın ümumi büdcəsi hələ də açıqlanmayıb. Həmin büdcənin bir hissəsi milyonlarla avro dəyərində tenderlər vasitəsilə beynəlxalq mütəşəkkil cinayətkar qruplara verilib. Tədbir təşkilatçıların siyasi təsir gücünü artırmaq üçün istifadə olunub.

“EXPO 2015” SpA-nın icraçı direktoru Cüzeppe (Beppe) Sala (Giuseppe Sala) Milanın hazırkı meridir. Yerli rəhbərlik hələ də milyonlar sərf olunaraq ərsəyə gətirilmiş məkanı necə istifadə edəcəyini bilmir. Yeni şəhər olmaq arzusundan 11 il keçməsinə baxmayaraq, o zaman gerçəkləşdirilməsi planlaşdırılan bir çox iş hələ də kağız üzərində qalıb. Lakin bugünə qədər baş vermiş bəzi məsələlərin nəticəsi aydındır və Milan sərgisindən çıxarılmalı dərslər var.

ARZU

2015-ci il, 6 may. Milan şəhərində keçirilən “Expo 2015”-də Vatikanın pavilyonunu ziyarət edən şəxs.
2015-ci il, 6 may. Milan şəhərində keçirilən “Expo 2015”-də Vatikanın pavilyonunu ziyarət edən şəxs.. Fotoqraf:: REUTERS/Stefano Rellandini

Letizia Moratti özünün ilk təşəbbüsünü 2006-cı ildə göstərib. Həmin vaxt, o, Milanın meri, həm də Silvia Berluskoninin Forza İtaliya adlı aparıcı siyasi partiyasının üzvü olub.

Letiziya o zaman Milanın yeni beynəlxalq nüfuzunu formalaşdırmağı arzulayırdı və o, Dünya Sərgisinə evsahibliyi etməklə bu arzusunu reallaşdıracaqdı.

Ümumdünya Sərgisi bir növ beynəlxalq festivaldır. Tədbir Parisdə yerləşən Beynəlxalq Sərgilər Bürosu (BSB) adlı beynəlxalq qurum tərəfindən təşkil olunur. Sərgi bəlli müddət aralığında müxtəlif şəhərlərdə keçirilir və hər tədbir önəmli siyasi və ya iqtisadi məsələlərə həsr olunur.
Sərgi zamanı ümumi sayı 170 olan hər bir BSB üzvü ölkəyə, həmin tədbirdə prioritet olan mövzuda öz maraqlarını nümayiş etdirmək üçün yer ayrılır.

2006-cı ilin oktyabr ayının 30-da İtaliya hökuməti Beynəlxalq Sərgilər Bürosuna Milanın namizədliyini təklif edib.
Milanın təklifi yenilənmiş bir şəhərin möhtəşəm görüntüsü olub. Təklifdə şəhəri kəşf etmək üçün yeni kanallar, yeni yaşayış məntəqələri və yeni turist marşrutları vəd olunub.

Təklif olunan 14 milyard avroluq büdcə bir milyon kvadratmetr tikinti və infrastruktur üçün nəzərdə tutulub. Sərgiyə 29 milyon biletin satılacağı da proqnozlaşdırılıb.

Hər bir sərgiyə ev sahibliyi edəcək şəhər BSB-nin Parisdə keçirilən ümumi yığıncağında 170 ölkənin gizli səsverməsilə seçilir.
“EXPO-2015” üçün rəqabət aparan daha bir şəhər İzmir (Türkiyə) idi. Başlanğıcda məhz İzmir favorit hesab olunduğu üçün qələbənin Milan üçün çətin olacağı gözlənilirdi.

Diplomatiya sənəti

Milanın Bələdiyyə başçısı Letizia Moratti 31 Mart 2008-ci ildə Beynəlxalq Sərgilər Bürosu üzvlərinin Parisdəki gizli səsverməsinin nəticəsini öyrənmək cəhdlərinə öz reaksiyasını bildirir.
Milanın Bələdiyyə başçısı Letizia Moratti 31 Mart 2008-ci ildə Beynəlxalq Sərgilər Bürosu üzvlərinin Parisdəki gizli səsverməsinin nəticəsini öyrənmək cəhdlərinə öz reaksiyasını bildirir.. Fotoqraf:: REUTERS/Şarl Platyo

BSB-dən almalı olduğu səs sayını təmin etmək üçün Moratti keçmiş səfirlər, ictimai münasibətlər üzrə ekspertlər, kommunikasiya üzrə menecerlər və lobbiçilərdən ibarət komanda yaradaraq, onları səs və dəstək verəcək şəxsləri “tapmaq” üçün 80 ölkəyə göndərib.

Başlanğıcda Morattinin sözçüsü, onun məsləhətçisi Paula Qlisenti (Paolo Glisenti) oldu. Morattinin üzərindəki təsirinə görə, “Milanın Rasputini” adlandırılan Qlisenti günlük 900 avro maaşla EXPO komitəsinin sədri kimi təşviqat işlərinə başlayıb.

Sərgi üçün Milan ekoloji mövzuda “Planet üçün yemək, həyat üçün enerji” şüarını seçib. Məhz bu şüarın seçilməsi birgə layihələrdə əməkdaşlıq vədi ilə Üçüncü Dünya ölkələrinə xitab edərək, səs qazanmaq məqsədi güdüb. Milanın lobbiçilərindən biri Qayetano Kastellini-Kuriel (Gaetano Castellini-Curiel) öz “Namizədlik” kitabında hər bir səsin “qiymətli mal olduğunu və onun qiymətinin yalnız əməkdaşlıq layihələrilə ödənə biləcəyini yazırdı. Səsləri əldə etmək sadəcə möhtəşəm diplomatik fəaliyyətə deyil, həmçinin real bazarlığa – bundan sonra həyata keçiriləcək birgə əməkdaşlıq layihələrinə, ortaqlıq və “gələcək üçün vəd olunan səs”lərə əsaslanırdı. 

Beləliklə, Milanın təqdim etdiyi təkcə 4 milyon avroluq büdcə əsasən, Cənubi Amerika və Afrikadakı kasıblıq və aclıqla mübarizəyə hesablanmış davamlı inkişaf layihələri üçün nəzərdə tutulub. (Hansı ki, həmin layihələrin nəticələri hələ də ictimaiyyətə açıqlanmayıb). Aralarında yüksək texnologiya istehsalçısı “Finmexanika” (Finmeccanica, indiki adı Leonardo), beynəlxalq inşaat şirkəti “İmpregilo”, bundan başqa, enerji nəhəngləri “Eni”, “Edison” və “Enel”-in də olduğu, İtaliyada özəl sektorda fəaliyyət göstərən şirkətlər Milanın lobbiçilik fəaliyyətinə dəstək verib.
Milan lazımi səsləri əldə etmək üçün iqtisadi lobbiçiliklə yanaşı, geosiyasətdən də məharətlə istifadə etdi.

Belə ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 57 üzv dövlətlə dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir. Türkiyə bu təşkilatın üzvüdür və İzmir bu təşkilatın üzvlərinin böyük çoxluğunun səslərini sığortalamış kimi görünürdü. Bunu nəzərə alan İtaliya İƏT-i yönləndirməyi bacardı.

2006-cı ildə Hamasın Fələstindəki seçkilərindən sonra İtaliyanın xarici işləri naziri İsrail-Fələstin dialoqunu açmağın vaxtı olduğunu dedi. Əvəzində, İsrailin xarici işlər naziri “EXPO-2015” üçün keçiriləcək BSB seçkiləri zamanı İzmiri dəstəkləyəcəklərini elan etdi. Məhz İsrailin dəstəyi əks reaksiya yaratdı və 57 ölkənin əksəriyyətinin seçiminin Milan olmasına və İzmirin məğlubiyyətinə səbəb oldu. Noyabrın 15-i, günün sonunda, Milan BSB üzlərinin 65-i İzmir əleyhinə olmaqla, 85 səsini qazandı.

İtaliya 485 əməkdaşlıq layihəsinin əsasını qoyacaq kampaniyaya ümumilikdə 9 milyon avro xərclədi.

“Biz inandıra bildik, çünki ilk dəfə idi ki, İtaliyanın ictimai və özəl sektoru olaraq birləşib, öz namizədliyimiz üçün lobbiçiliyi bacardıq”, - bu fikri lobbiçi Qayetano Kastellini-Kuriel Meydan TV-yə müsahibəsində səsləndirib. “Milli hökumətin güclü dəstəyi olmadan bunların heç biri baş verə bilməzdi. Bizim rəqibimiz olan İzmirin şəhər rəhbərliyi ilə Ərdoğan hökuməti arasındakı birliyin olmaması bu şəhərin məğlubiyyətilə nəticələndi”.

“Gümbəz”

3 aprel, 2015-ci il. İşçi Milanın yaxınlığında keçirilən EXPO sərgisində 37 metrlik ''Həyat ağacını'' yaxınlığında dayanıb.
3 aprel, 2015-ci il. İşçi Milanın yaxınlığında keçirilən EXPO sərgisində 37 metrlik ''Həyat ağacının'' yaxınlığında dayanıb.. Fotoqraf:: Reuters/Giorgi Perottino

“EXPO-2015” ilk dəfə məhz bu sərgi üçün tikilmiş yeni məkanda keçirilməli idi. EXPO ənənələrinə əsasən, bu beynəlxalq sərginin məqsədlərindən biri sadəcə yeni kompleks yaratmaq deyil, ev sahibi olan şəhərin bir hissəsini tamamilə yeniləməkdir.

BSB-nin seçimlərində nəzərə alınan ən mühüm məqamlardan biri ekspozisiya ərazisindən geriyə qalanların şəhərin yenidən canlandırılmasındakı roludur. Özündən sonra ətraf mühit və memarlıq sarıdan problemlər qoymaq BSB-nin nüfuzuna xələl gətirə bilər.

Bütün bunlara baxmayaraq, BSB Milan yaxınlığındakı periferik ərazi olan Rhoda aparılacaq tikinti təklifini təsdiqlədi.

Açıq tenderlərin maliyyələşdirilməsi prosesindən əvvəl yerli idarəçilər “mafia əleyhinə sertifikat”ı olan, bir sözlə, mafia ilə heç bir əlaqəsinin olmadığını sübut etmiş şirkətlərin siyahısını açıqlamalı idilər. Bu, mafiyanın geniş yayıldığı və çox güclü olduğu İtaliyada standart prosedurdur. Lakin tikinti prosesi işi vaxtında tamamlamaq üçün sürətləndirilməli idi və elə buna görə də açıq tenderlər üçün olan “məsum siyahı”nın da içində olduğu qaydalar bir kənara qoyuldu.

2014-cü ilin mayın 8-də tenderlərlə bağlı problemlər aşkarlandı. Həmin gün İtaliya hüquq-mühafizə orqanları “EXPO-2015”-in icraçı direktoru, keçmiş senator, iki yerli, keçmiş siyasətçi və bir önəmli iş adamını həbs etdi. Həmin şəxslər mütəşəkkil cinayətkarlıq, korrupsiya, təkliflərin saxtalaşdırılması və biznes sirlərinin açıqlanmasında ittiham olunurdular.

İtaliyada Gümbəz (Kupola) ən yüksək mafiya iyerarxiyasına verilən addır. Milan prokurorları hesab edir ki, bu iyerarxiya siyasətçiləri, iş adamlarını və kriminalları bir araya gətirir. Sərginin bir neçə ən böyük tenderinə - ümumilikdə təxminən 1,2 mln avro maliyyəsinə nəzarət edən Gümbəz, daha bir 323 mln maliyyəsi olan tenderi əldə etməyə çalışıb.

İyerarxiyanın üzvlərindən biri sərginin ən bahalı tenderi olan Piastranı, yəni bütün məkanın təməlini qoymağı hədəfləyən layihəni də almağa cəhd edib.

Sonralar bəlli oldu ki, bir sıra tenderlər İtaliyanın ən güclü və təhlükəli cinayətkar birliyi olan Ndrangetaya verilib.

Etirazlar

2015-ci il, aprelin 30-da Milan şəhərində ''Expo 2015'' əleyhinə keçirilən mitinqlərdə etirazçılar əllərində ''EXPO-ya yox'' yazılan plakatlar tutublar. ''Milan Expo''-nun açılışı mayın 1-də baş tutacaqdı.
2015-ci il, aprelin 30-da Milan şəhərində ''Expo 2015'' əleyhinə keçirilən mitinqlərdə etirazçılar əllərində ''EXPO-ya yox'' yazılan plakatlar tutublar. ''Milan Expo''-nun açılışı mayın 1-də baş tutacaqdı.. Fotoqraf:: REUTERS/Stefano Rellandini

Açılış mərasiminin təsadüf etdiyi 1 may 2015-ci ildə hava tutqun olsa da, bayram əhval-ruhiyyəsi vardı. Açılışa cəmi 50 gün qalmış, pavilyonların 80 faizi hələ də tikilməkdə olduğu üçün, sərginin vaxtında gerçəkləşəcəyi şübhə altında idi. Sərgiyə az qalmış bəzi hissələr hazır olmasa da, açılış günü mərasim, demək olar ki, tamamlanmış məkanla reallaşdırılıb. Təşkilatçılar tədbirə 200,000 nəfərin qatıldığını bildiriblər. 

Açılış mərasimi 1 may ənənəvi Əməkçilər Gününə təsadüf etdi. EXPO-dan bir az aralı, Milanın mərkəzində 20 minə yaxın adam hər il olduğu kimi sakit nümayiş keçirirdi. Bu dəfə isə vəziyyət fərqli idi: nümayişçilər arasında etirazçılar vardı.

Etirazçılar mütəşəkkil cinayətkarlığın EXPO-nun milyon avroluq tenderləri ilə daha da zənginləşməsinə acıqlı idilər. Ancaq bu, onların şikayətlərindən yalnız biri idi. Onlar həmçinin, təşkilatçıların yalançı “yaxşı iş yerləri” vədlərinə (yeni açılmış iş yerləri müvəqqəti idi və həmin işlərə görə ödənilən əməkhaqqı çox aşağı idi) etiraz edirdilər. “Nestle” kimi çoxmillətli korporasiyanın sərgidə iştirakı lobbiçilər üçün çox önəmli idi, çünki bu, kənd təsərrüfatının davamlı inkişafının göstəricisiydi.

1 may, 2015. Milan şəhərində ''EXPO 2015'' əleyhinə keçirilən aksiyalar zamanı etirazçılar yanan avtomobilin üzərindən keçərkən.
1 may, 2015. Milan şəhərində ''EXPO 2015'' əleyhinə keçirilən aksiyalar zamanı etirazçılar yanan avtomobilin üzərindən keçərkən.. Fotoqraf:: Reuters/Flavyo Lo Skalzo

Qəfildən, nümayişin ortasında müxtəlif ölkələrdən (əsasən, Yunanıstan) olan 500 nəfərə yaxın etirazçı küçələri dağıtmağa başladılar. Sonda 10 nəfər həbs olundu. Öncə etirazçılara dəstək göstərən ictimaiyyət, onların küçələri dağıtdığını gördükdən sonra etirazçılara qarşı çıxdı.

Sərgini izləməyə gələnlərin əksəriyyəti üçün “EXPO-2015” xoş təcrübə olub. Rhoda 6 ay davamlı əyləncə ruhu hakim olub. Ziyarətçilər kilometrlərlə yolu addımlayaraq, pavilyonların arxitekturasına və sərgidə iştirak edən 109 ölkəyə aid yerli yeməklərin dadına baxa biliblər.

Zatən dadlı qida və gözəl arxitektura ziyarətçilər üçün EXPO-nun əsas məğzi idi. Tədbir davamlı şəkildə xəbərlərdə reklam olunub və bir hesabla EXPO daha bir milyon turisti Milana cəlb edə bilib. Təşkilatçılığa mafiyanın sızması ziyarətçilərə bəlli olmayıb.

Nəticə

29 oktyabr, 2015-ci il tarixində Milan şəhərində keçirilən “Expo 2015” qlobal sərgisində Polşa pavilyonunun qarşısında növbədə duran insanlar.
29 oktyabr, 2015-ci il tarixində Milan şəhərində keçirilən “Expo 2015” qlobal sərgisində Polşa pavilyonunun qarşısında növbədə duran insanlar.. Fotoqraf:: REUTERS/Alessandro Qarofalo

EXPO-nun qapılarını ziyarətçilərin üzünə qapatmasından iki il keçməsinə baxmayaraq, sərgi ərazisinin taleyi ilə bağlı hələ də şübhələr var. Ərazinin sərgi bitdikdən sonra inkişaf etdirilməsi üçün 2 mlrd avroluq layihə hazırlanıb. Son layihəyə əsasən, ərazinin böyük hissəsi ictimai maraqlara cavab verən binalar - yerli universitet üçün kampus, araşdırma və sağlıq mərkəzləri üçün ayrılacaq.

Böyük – 460,000 kv metrlik bir ərazi park üçün nəzərdə tutulub. Cədvələ əsasən, məkan 2021-ci ilə kimi tikilib başa çatdırılmalıdır, lakin indiyə qədərki proseslər bunun çətin olacağını göstərir.

Ərazinin 200,000 kv metri özəl sektor üçün ayrılıb. Əraziləri maliyyələşdirən və idarə edən “Arexpo” şirkəti 96 milyon avroluq kredit götürsə də, öz əsas məqsədində - ərazilərin ayrı-ayrı şirkətlərə satılmasının məkanın inkişafına müsbət təsir edəcəyi ehtimalında yanıldı. 2014-cü ilin ilk satış təklifi uğursuzluqla nəticələndi, çünki alıcı yox idi.

İtaliyanın İqtisadiyyat Nazirliyi vəziyyəti düzəltmək üçün “Arexpo”-nun payçısı olmağa məcbur oldu, çünki nazirliyin iştirakı olmadan heç bir sərmayədar şirkət həmin əraziyə pul ayırmazdı. Belə bir nəhəng ərazinin iqtisadi cəhətdən inkişafı ehtimalı şübhəlidir və ora sərmayə yatırmaq çox risklidir.

İqtisadiyyat Nazirliyi proqnozlaşdırır ki, bu layihə növbəti 10 ildə “Arexpo” tərəfindən hesablanmış daha 200 mln avroluq borc alacaq və beləliklə də, bu xərcləri ictimaiyyətə ötürəcək.

Sərgidən faydalananlar

İtaliyanın Baş naziri  Matteo Renzi Milan şəhəri yaxınlığında təşkil olunan “EXPO 2015” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı edir. Yanında dayanan sərginin  müşaviri Giuseppe Saladır.
İtaliyanın Baş naziri Matteo Renzi Milan şəhəri yaxınlığında təşkil olunan “EXPO 2015” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı edir. Yanında dayanan sərginin müşaviri Giuseppe Saladır.. Fotoqraf:: REUTERS/Alessandro Qarofaldo

Baxmayaraq ki, EXPO-nun bütün ölkə üçün faydalı olması gözlənilirdi, Milan faktiki olaraq, milli büdcədən faydalandı. Şəhər iqtisadi krizisə baxmayaraq, ictimai işlər və infrastruktur layihələri üçün 12 mlrd avro maliyyə əldə etdi. Orijinal namizədlik təklifinə görə isə bu məbləğ bütün ölkəyə yatırılmalı idi.

Sərginin nəticələrindən biri də Milanın yeni metro xətti əldə etməsi olub, daha bir xətt isə tikilmək üzrədir. Təşkilatçıların Leonardo Da Vinçinin vaxtındakı kimi marşrut kanalları arzusu isə prokurorluq işçilərinin 2014-15-ci illərdə tikinti işlərini açıq tenderlərdəki qanunauyğunsuzluqlar səbəbilə dayandırmasına görə reallaşmayıb.

Digər infrastruktur layihələrindən olan Milanı Şimali İtaliya ilə birləşdirəcək yüksək sürətli avtomobil yolu böyük maddi itki ilə həyata keçirilir. Bu infrastruktur layihəsi yalnız EXPO pulları ilə mümkün idi. EXPO pulları olmadan, sərgi çərçivəsində hər bir layihə üçün götürülən kredit yerli hökumət üçün davamlı borcdur.

Nəticə olaraq, EXPO-nu əhatələyən böyük müəmmadan sadə bir sual doğur: Bu sərgi hər hansı bir mənfəət yaratdımı?

Bu layihə ətrafında çox müxtəlif iqtisadi analizlər var, lakin sonuc olaraq, EXPO İtaliyaya gözlənildiyindən daha baha başa gəldi. EXPO-nun özünə xərclənmiş 3 milyard yatırım və sərgi ilə əlaqəli layihələrə xərclənən 11 milyarddan savayı, icraçı şirkət öz kassasında sadəcə 14 mln avroya qənaət edə bildi, ümumi büdcənin cəmi 0,1 faizinə.

Ka Foskari Universitetinin (Ca’ Foscari University) tədqiqatçısı Jerome Massianiyə görə, iqtisadi baxımdan təhlil etdikdə, sərgidən heç bir qazanc götürülməyib, halbuki, bu cür böyük məbləğli yatırımın təsiri müqayisəolunacaq dərəcədə yüksək olmalı idi.

Hətta “EXPO-2015” SpA-nın icraçı direktoru Cüzeppe Sala belə bunun böyük uğur olmadığını etiraf etdi.

2016-c ildə EXPO bitdikdən sonra, “Cənab EXPO” kimi məşhurlaşan Cüzeppe Sala elə bu məşhurluğu hesabına da Milanın meri seçilib. Hazırda onun haqqında “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” maddəsilə təhqiqat aparılır. 2018-ci ilin yayında Milan Məhkəməsi onun həbs olunub-olunmayacağına dair qərar verəcək.