Nazlı Ağayeva
Nazlı Ağayeva

Lovğalıq olmasın...

Ölkənin daim yenilənən eyni boğucu tıxacından yan keçib bir az pozitiv notlara köklənək istədim. Gözəl və təbii şeylər barədə düşünmək bizim də haqqımızdır deyə. Üstəlik seçki depressiyası da var...

***

İnişil qonşum şikayətləndi ki, növbə yoldaşı işdən çıxıb. Təzə işçi tapmağı müdir ona həvalə etsə də, hələ ki, münasib birini tapa bilmirdi. Ondan xahiş etdim məni yanına götürsün. Yüz əlli manata balaca kafedə qab yumaq nə çətin işdir ki? Həm o pula ehtiyacım var, həm də evdə oturmaqdan tutulmuş əl-ayağım açılar. Beləcə, hər şey düzəlir dediyim anda qonşum planlarımın üstündən xətt çəkdi:

– Müdir səni götürməz.
– Niyə?
– Çünki sənin xətrini çox istəyir.

Qonşumun “məntiqinə” təslim olmayıb ertəsi gün kafeyə getdim. İşlə bağlı danışmağa başlayan kimi müdir nəzakətlə sözümü kəsib, nə olur-olsun özünün kafesində mənim kimi yaradıcı adama qab yumağı rəva görə bilməyəcəyini dedi.

Hər hansı bir işin ondan yapışana əskiklik gətirmədiyinə işarə vurub, bu işə çox ehtiyacım olduğunu çatdırdım. Fakt qarşısında qalan müdir işə gəlməmək şərtilə hər ay maaşımı göndərəcəyini təklif etdi. İnsafən adam bunları deyəndə səmimi və rahat idi. Sonuncu ehtimalla təklifi qəbul etsəydim belə, dediyinə peşman olmayacağı açıq-aydın görünürdü.
Təklifdən incə yollarla imtina edib evə qayıdanda məni işə almayan adamı “söyə” bilmirdim. O işlə bağlı planlarım alt-üst olsa da, onun sayəsində özümə inamım artmışdı. Deməli, gələcək üçün az-çox mənəvi depozit qoya bilmişəmmiş deyə düşünürdüm. Gözümün içinə baxa-baxa: “ağlın işləsəydi, sənin də indi hər şeyin olardı” deyənlərə cavab da keçdi ürəyimdən:

– Mən ürəyimlə işlədim və sizin görə bilmədiyiniz çox şeyi ürəyimlə qazandım...

O kafe işlədən gənci birinci dəfə görürdüm. Özümə nisbətən gənc deyirəm, əslində adam üstündə “Gilan Holdinq”ın emblemi olmayan obyekt işlətmək qədər yetişkin biri idi. Bu ölkənin heç harasında, xüsusən fövqəl Qəbələdə müştərinin cibinə girmədən xırdaca bir ünvan saxlamaq mümkünsüz işdir. Hərçənd bu “oğurluqda” da nisbətlər istisna deyil. Nəticə isə dəyişmir. Amma burdan o yana labirint başlayır. O labirintin qaranlıq dolanbaclarında iynə ucu boyda işıq azad sözə verilən dəyərdir. Və əsas olan sözün özüdür, söz olaraq qazandığı dəyərdir, burda o sözü yazanın kimliyi vacib və mütləq deyil.

Xalqı haqlı-haqsız mövqesizlikdə qınayanlardan biri kimi o gün bəlkə ömründə bir inşa yazmamış “kafeçi”nin jestindən mütəəssir oldum. Deməli, hər insanın qəlbində bir azadlıq sevdası varmış və hər kəs o sevgini yeri gələndə bacardığı şəkildə ifadə edir... Hər insan dedikdə, məsələ içindəki insanı öldürməyənlərə aiddir.

Yaşadığımız və davam edən əzab-əziyyətlərin müqabilində qazandıqlarımız çox cüzi görünə bilər. Heç görünməyə də... Amma bu belə, həyatımızın mənasına çevrilmiş təmənnasız əqidə savaşının boşa getmədiyinin isbatıdır. Daha nə istəyirik? Özümüzmü seçdik, alın yazısıdırmı, heç önəmi yoxdur. Əsas ki, dizimizi qanatsa da, üzümüzü qaraltmayan o yol bizim yolumuzdur.

Bu arada xəyalımda ciddi-cəhdlə bir uşaqlıq xatirəsi canlanır. Yerinə düşməsə, bunu da o yolun hesabına yazın...

***

Neçə on illər əvvəl ucqar bir kənddə böyük bir ailənin balaca bir qızı varmış. Əl-ayağa dolaşmasın deyə anası hər gün onunla bağda təzə ev tikən ustaya çay göndərirmiş. Bir dəfə qız çay aparanda usta damın üstündəymiş. Yuxarıya baxaraq onu xeyli çağıran qız birdən yerdəki talaşalara ilişib yıxılır. Çaynik sınır, qız ağlamağa başlayır. O anlarda işinə ara verən usta aşağıdakı mənzərəni görüb damdan düşür. Qızı kiritməyə çalışıb: “Ağlama bala, anana söyləyərəm çayniki mən sındırmışam”, – deyir. O zaman qız daha bərkdən hönkürür:

– Çaynikə görə ağlamıram ki, sən eşitmirsən deyə ağlayıram.

O axşam tut arağından babat “vuran” usta o balaca qızın gələcəyi ilə bağlı “müdrük proqnoz” veribmiş:

– Nədən istəyirsiz mərc gələk, bu uşaq böyüyəndə oxumuş adam olacaq.

Artıq nə o usta həyatdadır, nə də onun mərc gəldiyi adamlar. Sadəcə ürəyi neçə yerdən çat vermiş çaynik sındıran qız qalıb ki, ondan da həyatın xəbəri yoxdur...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.