Ləyaqətli insan haqqında rekviyem

Fuad Poladov

Fuad Poladov öldü...

Bu birinci cümlənin üstündə çox düşündüm. Qəlbimdə uzun illər yaxın ünsiyyətdə olmaq xoşbəxtliyini yaşadığım, ən ləyaqətli insanlardan birinin həyatdan getməsinin yaratdığı boşluq varıydı. Yazıçı Fazıl İsgəndərin gözəl bir fikri var:

"Ləyaqətlilik qəhrəmanlığı nəzərdə tutmur, o, əclaflığa qatılmamağı nəzərdə tutur".

Bu ifadə, öz ölkəsinin xarizmatik vətəndaşı olan Fuad Poladovun şəxsiyyətini çox dəqiq təsvir edir. O, zülmətin hökmranlıq etdiyi çağdaş Azərbaycanda hamıya sübut etdi ki, hətta belə bir şəraitdə də insan ləyaqətlə yaşaya bilər.

Bu və ya digər ölkələrdə gedən ictimai-siyasi proseslərı başa düşmək üçün sosial şəbəkələr və əhalinin oradakı fəallığı yaxşı materialdır. Fuad Poladovun vəfatı günü internetin Azərbaycan seqmentinin tamamilə bu kədərli hadisəyə yönəlməsi buna əyani sübutdur. Özlərinin siyasi baxışlarından asılı olmayaraq, Azərbaycan cəmiyyətinin bütün təmsilçiləri bu böyük aktyor və vətəndaş haqqında birmənalı şəkildə hörmətlə fikir bildirirdilər.

Mənim yaddaşımda bu, birinci hadisəydi. Yalanın bütün cəmiyyət üçün həyat normasına çevrildiyi və Azərbaycanın hakimiyyət sisteminin bütün tribunalarından körükləndiyi, buna görə də mənəvi dəyərlərin addımbaşı aşındığı belə bir çətin zamanda, onun şərəf və ləyaqətini qorumağı bacardığı xüsusi qeyd olunurdu.
Son illərdə ədəbi yaradıcı insanların, sonradan Fəxri Xiyabanda dəfn olunmaları üçün öz vicdanları ilə necə alver etdiklərini yaxşı xatırlayırıq. Çünki bu insanlar üçün forma məzmundan daha önəmlidir. Yeri gəlmişkən, indi həyatda olanlardan bir çoxu bu gün də, bunu etməkdədirlər və bu, lakmus kağızı kimi hər şeyi ayırd edən sosial şəbəkələrdən kənarda qalmır.

Bəşəriyyətin bütün tarixi yaradıcı və dağıdıcı insanların mübarizəsindən ibarətdir. Əgər min il əvvəl, lap elə orta əsrlərdə çoxu o dövrün qanunları ilə özlərinə bəraət qazandırırdısa, çağdaş şəraitdə belə işıqlı və ləyaqətli həyat yaşamış Fuad Poladov dünyanın sütunlarından olan Qurucu adamın əyani nümunəsidir.

Mən Azərbaycandan ABŞ-a mühacirət etmək haqqında qərar qəbul edəndə, o, şəxsən vidalaşdığım tək-tük adamlardan biriydi. Çoxlu sayda insanın onu alqışlarla son mənzilə yola saldığı evinin yanındakı söhbətimizi tez-tez xatırlayıram. Mən onun müxtəlif şairlərin, o cümlədən Ömər Xəyyamın şeirlərini necə də təsirli deməsini çox bəyənirdim. Vida zamanı Ömər Xəyyamdan dediyi və indi onun qəbirüstü daşı üçün gözəl epiqraf ola biləcək rübaini də yaxşı xatırlayıram:

“Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola.
İki vacib qaydanı öncə yadında saxla:
Hər nə gəldi yeməkdən, yaxşıdır insan ac qala,
Kimlə gəldi olmaqdansa, ömürlük tənha ola”.