Orxan Adıgözəl
Orxan Adıgözəl

Mərhəmətmi, həqarətmi?

Sosial şəbəkələrin gücü, təsiri çox böyükdür. İctimai rəyə təsir göstərə bildiyindən bir çox problemin həllində də yardımçı olur. Bəzən hansısa haştaq (hər hansı mövzuya uyğun qruplaşma) altında problem ictimailəşdirilir, bəzənsə bu, problemi fərqli istiqamətə aparır. Bu barədə bir qədər sonra...

Əslində əlilliyi olan şəxslərə münasibətdən danışmaq istəyirəm. Öncə deyim ki, xalqımız əlilliyi olan şəxslərə qarşı aşırı dərəcədə mərhəmətlə yanaşır. Bu mərhəmətin dozası hərdən o qədər çox olur ki, onu qəbul etmək çətinləşir. Dəfələrlə kömək istəmədiyim halda istifadə etdiyim əlil arabasının qulplarından tutub “qaqa, necə kömək lazımdır sənə?”, “Hara aparmaq, hara qaldırmaq lazımdır, de, eləyim?” münasibəti ilə qarşılaşmışam. Əlbəttə, əlil arabası istifadəçisi üçün çətin infrastrukturu olan şəhərdə yaşayan biri kimi həmin mərhəmət əlverişli nüans sayılır, ancaq işin “əmma”sı var. Həmin əmma isə budur ki, xalqın böyük çoxluğu əlilliyi olan insana mərhəmətlə və səxavətlə yanaşsa da, digər tərəfdən də ona yazıq və bədbəxt kimi baxır. Bir insana bu cür yanaşma, qarşındakını aşağılamağının göstəricisi sayılır.

Ziddiyyətə bax.

Ziddiyyət bununla kifayətlənmir. Bu cür mərhəmətlə yanaşdıqları həssas qrup üzvlərinin fiziki vəziyyətini bir-birlərini təhqir etmək istəyərkən belə istifadə edirlər: “korsan?”, “karın biri kar”, “şikəst qalmış” və s. Əslində bu cür terminlərin özü təhqirsiz işlədildikdə belə qeyri-etik sayılır. Düzgün ifadələr isə hətta Azərbaycan hökumətinin BMT-də əlilliyi olan insanlarla bağlı ratifikasiya etdiyi konvensiyalarda belə müəyyən olunub.

Terminoloji səhvlərə haqlı irad tutanda da kütlə aqressivləşir ki, əşi, nə fərqi var e? Əsas alacağın müavinat və sahib olduğun şəraitin yaxşı olmağıdır.
İlahi, bu insanlar necə də “qayğıkeş” imişlər.

Dəhşətlisi odur ki, hətta həmin ictimai rəyə təsir edənlər də daxil, bir çox fəal adam da əlilliyi olan insanlara qarşı bu cür münasibət bəsləməkdədilər.
Təzəlikcə “Facebook”da ‘’#həssasyanaşaq‘’ haştaqı ilə trendə çevirilmiş paylaşımlara rast gəldim. Həmin paylaşımlardan misal olaraq verəcəyim bir cümləyə diqqət edin:

“Xahiş edirəm #həssasyanaşaq, koroğlu yox, atası görmə məhdudiyyətli oğlu” və cümlənin arxası ilə gülmək işarəsi. Vəssalam! Kütlə qırıldı gülməkdən. 

Bilirsiniz bu trend necə yarandı? Sosial şəbəkələrdə paylaşılan postlarda kimsə yanlış olaraq “kar”, “kor”, “fiziki qüsurlu” kimi terminlərdən istifadə edərkən, əlilliyi olan dostlar, ya doğurdan da, bu barədə məlumatlı şəxslər həmin postlara şərh yazır, həssaslıq göstərməyi və düzgün terminlərdən istifadə etməyi xahiş edir. Belə olan halda tənqidə dözümsüz adamlar da həmin haqlı iradlara aqressiv reaksiya verirlər. Onlar düşünürlər ki, bu irad onların şəxsinə ünvanlanıb. Guya bu adamlar səhv buraxa bilməz. Həmin iradları yazanlar da, “səhv tutanlardır”. Eqoya baxın.

Sosial sahədə işləyən bir qızın oxşar paylaşımını görüb, ona yazıb, xahiş etmişdim ki, paylaşımındakı terminləri redaktə edib düzəltsin. Pah! Türklər demişkən, qız “çıldırdı”. Bütün əsəbini mənə tökdü və yazdı: “Mən o cür uşaqlarla işləyirəm, onların qeydinə qalıram. Bu şeyi mənə öyrədəcəksən?” Bax, bu cür eqosu yüksək, kinli şəxslər boş-bekarçılıqdan belə haştaq yaradıb, əlilliyi olan insanlarla əylənirlər.

Hə, yadıma düşmüşkən, onu da yazım ki, sosial şəbəkələrdə çox məşhur olan Bəxtiyar Hacıyevin Metropoliten İdarəsinin rəhbərliyinə rəsmi məktubunu paylaşdığını gördüm. Bəxtiyar məktubunda stansiyalarda səslənən “hörmətli bakılılar və şəhərimizin qonaqları” ifadəsinin onda “xüsusi narahatlıq” doğurduğunu qeyd edərək, həmin ifadəni “hörmətli sərnişinlər” sözləri ilə əvəz olunmasını istəyirdi. Bəxtiyarın bu addımını təqdir edirəm. Bir vətəndaş kimi özündə və əksər adamlarda narahatlıq, qıcıq yaradan, ictimai xitab şəkilində olan terminlərə real reaksiya verərək, onun dəyişdirilməsinə nail olmaq istəyir. Onun müsbət nailiyyətlərə çatmaq potensialı genişdir. Belə fəallıq və vətəndaş mövqeyi sərgiləyənləri görmək çox gözəldir.

Bəs, Bəxtiyar nə üçün metroda əlilliyi olan insanların istifadə imkanlarının məhdudlaşdırılması və stansiyalardakı əlverişsiz infrastruktur barədə də Metropoliten rəhbərliyinə məktub yazmır? Həm də burda birbaşa vətəndaşların aşkar və kobud şəkildə hüquqları pozulur. İctimai nəqliyyatdan istifadə hüququnun pozulması, yəni heç bir “xüsusi narahatlıq” doğurmur? Məgər bu hal həmin yanlış xitabdan daha az narahatlıq yaradır?

Əlbəttə, Bəxtiyar deyə bilər ki, onun belə öhdəliyi yoxdur. Belə olan halda da boğazından yapışıb həssaslıq göstərməsi üçün nəsə tələb etməyə də bizim haqqımız yoxdur. Axı təkcə Bəxtiyar yox, onun kimi ictimai rəyə dolayı və birbaşa yollarla təsir etmə gücündə olan əksər fəallar, ictimai şəxslər də əlilliyi olan insanların problemlərinə qarşı laqeyd mövqe nümayiş etdirirlər. Bir çoxuna şəxsən özüm yazıb, onları təşəbbüskarlığa səsləmişəm. Səs gəlməyib...

Belə hal xalq olaraq “yaramızı”daha da irinli edir.

“Ölkədə o qədər problem var ki, bunun “dərdinə” bax” tipli istehzalı şərhləri az görməmişəm. Bunlar mənə çox pis təsir edir. Söhbət Azərbaycan vətəndaşından gedir e. Niyə bu qədər düşürsünüz ki? Təbii ki, problemlər xirtdəyəcəndir. Mən bunu danmıram və onlarla mübarizə də aparmaqdayam.

Sadəcə fiziki imkanları məhdud şəxslərə mütləq kənardan dəstək olmalıdır. Bu, çox təbii və zəruri haldır. Çünki əlilliyi olan adamlar bu ölkədə on qat əziyyət çəkirlər. İnkişaf yolunu tutmuş ölkələrin də təcrübəsində bu hal var. Əlilliyi olmayan adamlar fiziki məhdudiyyəti olan vətəndaşlara hərəkət etmək və fəallıq üçün “cığır” açırlar.

Heç birimiz əlillikdən siğortalı deyilik. Ümumi maraqlar və inkişaf naminə ərk edərək bu sətirləri yazdım. Məqsədim kimdəsə səhv tutmaq deyildi. Daha özünüz bilin, həssas və ya aqressiv yanaşmaq sizlikdir...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.