Zaur Qurbanlı
Zaur Qurbanlı

Nə etməli?

Svetlana Alekseyeviç yazır ki, Xruşşovun SSRİ-ə ən böyük yaxşılıqlarından biri də mətbəx idi. O vaxta qədər ümumi mətbəxi olan yataqxana tipli binalarda qalan əhali ordan çıxıb “xruşşovka”lara yerləşdi. Xeyli adam ilk dəfə idi mənzilində mətbəx görürdü. Sistem də bir az mülayimləşmişdi. Amerikanın radioları da fəaliyyətə başlamışdı. Camaat mətbəxdə qısa dalğalarda “Azadlıq” radiosunu, “Amerikanın səsi”ni tutur, birlikdə dinləyir, sonra müzakirə edirdilər.

İctimai şəkildə danışmaq, yığışmaq, müzakirə etmək qadağan edildiyindən hamı mətbəxə yığışırdı. Mətbəx söhbətləri – bu söhbətlərdə o qədər maraqlı müzakirələr, mübahisələr olub ki, cild-cild kitablar yazmaq olar. Bir növ indinin “Facebook”-u idi. Amma “Facebook”-dan fərqli olaraq, camaat bir dəfə dediyi şeyi yeni adamların arasında yenidən danışmalı olurdu.

Təsəvvür edin, 3 saatlıq qızğın mübahisə gedir. Sonra “kruq”a yeni adam qoşulur. Məcbursan ki, o boyda söhbəti o qızğınlıqla yenə edəsən. Şəbəkələşmə çətin gedirdi, indiki texniki imkanlar yox idi. Ona görə də insanlar həmişə danışmağa ehtiyac duyurdular. 1980-lərin sonunda SSRİ dağılmağa başlayanda artıq aşkarlıq idi, demokratiyanın elementləri gəlmişdi ölkəyə. Camaat mətbəxdə danışdığını çayxanalarda danışa bilirdi. Ona görə də bizdəki demokratiyaya “çayxana demokratiyası” da deyirdilər.

Adamlarda həvəs var idi ki, danışsınlar, özlərini ifadə etsinlər. Çünki ədalət məntiqli olur. Hamının ağlına aşağı-yuxarı eyni şey öz-özünə gəlirdi. Hamı elə bilirdi ki, bunu özü tapıb. Məsələn, tutaq ki, kimsə proporsional seçki qaydasını özü fikirləşib, tapıb – hər kəs topladığı səsə uyğun faizlərlə parlamentdə yer alsın. Bu, ədalətli görünür, ona görə də çox adamın ağlına gələ bilər. Adam ideal həll yolu tapdığını düşünür və qaçır çayxanaya ki, danışıb, vəziyyəti izah etsin, cəmiyyəti xilas etsin. Danışanda görür ki, başqalarının da ağlına bu gəlib. Amma hər biri çalışır, ideyanın əslinin ona məxsus olduğunu sübut etsin. Müzakirə qızışır. Hamı danışır. Çünki həqiqəti hamı bilmir.

İndi isə vəziyyət fərqlidir. Hamı hər şeyi bilir əhval-ruhiyyəsindədir. Təbii ki, çox şeyi bilmirlər, amma əsas faktların cizgilərini bilirlər. Büdcədən filan qədər oğurluq olur, rüşvət var, korrupsiya baş alıb gedir, demokratiya yoxdur və s. – hamısını bilirlər. Ortada bir ideologiya da yoxdur ki, onun əleyhinə gedib bir tərəfə çıxasan. Eləcə basıb-yeyirlər. Nəticədə siyasi iddiası, strategiyası, konkret planı, vəziyyətdən çıxış yolu – yol xəritəsi olmayan vicdanlı adamlar boş-boş danışmaqla məşğul olurlar. Elə bu köşə yazısı kimi. Eləcə yazırıq, danışırıq. Camaat da oxuyur, uzaqbaşı, “nə qəşəng stili var” deyir, gedir işinin dalıyca.

Bu vəziyyətdə əsas iş siyasi müxalifətin üzərinə düşür. Onlar çıxış yolu tapa bilməlidirlər. SSRİ-də belə idi ki, camaat həqiqətləri bilmirdi. Onlara həqiqətləri dedilər, sistem dağıldı. Bizdə isə daha həyasız situasiyadır. Həqiqətləri də bilirik, amma rejimə də dözürük. Nə etməli? – Leninin, Çernışevskinin cavab tapmağa çalışdığı bu sual üzərində bizim siyasi müxalifət, məncə düşünmür. Ortada nə bir kitab, nə bir yol eskizi var. Heç nə. Sadəcə gündəmdə qalmağa çalışmaq cəhdləri var.

Bəli, sadəcə gündəmdə qalmağa çalışırlar. Çünki düşünürlər ki, xalq necəsə bir gün ayağa qalxacaq, o zaman ən azı sosial şəbəkələrdə daim gözü qabağında olanları, daim danışmışları, heç vaxt susmamışları başında görmək istəyəcək. Ona görə də boş-boş da olsa, daim danışmaq, fədakar, prosesi aparan qəhrəmanlar kimi görünmək lazımdır.

Amma bir problem var. Bəs xalq özü qalxmasa? Təəssüf ki, bizim siyasi müxalifətin buna bir cavabı yoxdur. Buna görə onları qınamıram. Düşünürəm ki, onlar cavabı sadəcə olaraq, bilmirlər. Hətta ən həlledici anda da – 2003-cü ildə bunu edə bilmədilər. Bundan sonra da o əsas işi görə bilməyəcəklər. Həmişə gözləyəcəklər ki, tatarlar Bastian qalasına hücum eləsin. Tatarlar isə yoxdur. Düşmən elə gözümüzün qabağında ümidlərimizi, səbrimizi işğal etməklə məşğuldur. Heç nə edə bilmirik və ölkə itirilir. Metafizik hoydu-hoyduya inanan adamlar “bu xalq nə vaxtsa qalxacaq”, “bu enerji itmir”, “rəsulzadələr, axundovlar nəfəsi imkan verməz biz Şimali Koreya olaq” və s. deyərək, öz vicdanlarını aldadırlar. Materialist realistlər isə bədbinlikdən ölkəni tərk edib gedirlər. Əsas sual isə açıq qalır – Nə etməli?

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.