Holokost qurbanları
Holokost qurbanları Fotoqraf: Getty İmages

Düşüncə vakuumu

Qoyulan suallar verilən cavablardan önəmlidir. Bunun bir səbəbi cavabların zamanla dəyişə bilmə, yanlış və ya yarımçıq olma ehtimalıdırsa, digəri sualların funksiyası ilə bağlıdır. Suallar insanı düşünməyə vadar edir, bu isə hər bir halda beyini hazır cavablarla “yemləmək”dən yaxşıdır...

***

“Şər qüvvə”nin mahiyyəti ilə bağlı araşdırmalar yeni deyil. Teoloji mətnlərdən psixoloji araşdırmalara, ədəbi və fəlsəfi əsərlərədək yüzlərlə kitab yazılıb ki, hamısı da insanın niyə və necə “şərləşməsi”ni izah etməyə, daxili tranformasiyasının, əxlaqi mutasiyasının səbəb(lər)ini tapmağa həsr olunub. Yəni necə olur ki, normal, adi insan korlanaraq şərə meyllənir və sonda ən ağır cinayətləri törədə biləcək birinə - Hitlerə, Maoya, Polpota çevrilir. “Pothen ten kakon” (Şər hardan qaynaqlanır?).

***

“Şərin banallığı” – Hanna Arendtin “Holokost”un əsas müəlliflərindən olan Adolf Eyxmanın məhkəmə prosesləri əsasında yazdığı əsər belə adlanır. Bu provokativ adla, o, yüzminləri ölümə göndərmiş birinin adidən adi, çox səthi, hətta gülünc biri olmasına diqqət çəkib. Reportaj hazırlamaq üçün Qüdsdə Eyxmanın məhkəmə prosesində iştirak edən Arendt yəhudilərə pataloji nifrət bəsləyən, sadist və xəstə ruhlu bir cani ilə qarşılaşacağını gözləyir. Amma gözləntiləri ilə gördükləri arasındakı kəskin ziddiyyət onda yeni suallar yaradır. Məsələ bunda idi ki, bəşəri cinayətlərə imza atmış bu şəxs heç də şeytani dərinliyə sahib deyildi, adi oğrudan heç nə ilə fərqlənmirdi. Yəhudilərin kütləvi məhvini nəzərdə tutan “Son həll” planını həyata keçirərkən belə onun motivasiyası çox banaldı: Nə antisemitizm, nə hər hansı nifrət, nə də böyük amallar. Eyxman sadəcə karyerasını yüksəltməyə, yuxarıların razılığını qazanmağa və işində özünü sübut etməyə çalışan darıxdırıcı bürokrat idi. Arendtə görə problem də məhz buydu: Eyxman və onun timsalındakı nasist liderlərinin bu qədər normal olması – şərin banallığı.

“Onun ən böyük günahı etdikləri haqqında düşünməməsi idi” – Arendt belə yazırdı. Yazıçı Eyxmanın banallığını izah etmək üçün məhz bu təsbitin üzərində durmuşdu. Nasist zabitinin məqsədi yəhudilərə qarşı soyqırım həyata keçirməkdən ziyadə bir vintinə çevrildiyi siyasi sistemə sədaqətlə xidmət etmək idi. Eyxman yaşadığı mühitin qaydaları əsasında davranan praqmatik biriydi. Mühit isə verilən əmrlərə sorğu-sualsız tabe olmağı tələb edirdi. “Düşüncə əskikliyi” – Eyxmanın əsl cinayəti buydu. Arendt bu ifadə ilə əqli geriliyi və ya psixi çatışmazlığı yox, empatiya hissindən məhrum olmağı nəzərdə tutur. Və buradan nəticəyə varır: Bəzən ən böyük zülmlər bizim gündəlik həyatda etdiyimiz ən praqmatik, ən normal seçimlər nəticəsində yaranır. Düşünməmək, sorğulamamaq, yaşadığın mühitin rənginə boyanmaq kimi hamımıza xas ola biləcək sıradan, bəsit davranışlar ən ağır cinayətləri törətməklə sonlanır. Bu, həm də tez-tez sığındığımız vicdan məfhumunun necə plastik, kövrək və nisbi təbiətə malik olduğunu göstərir.

Hanna Arendt iddia edir ki, cəmiyyətdəki “düşüncə vakuumu”nu siyasi sistem yaradır. Totalitar sistemlərin silah olaraq istifadə etdiyi bürokratiya dövlət işçilərini insanlıqdan çıxardır və qeyri-insani varlığa çevirir. Daha sonra, bu, bütün cəmiyyətə sirayət edir. Faşist Almaniyasında sistem dəhşətli cinayətlərə müxtəlif adlar qoymaqla onların icrasını insanlar üçün asanlaşdırırdı. Yəhudilərin kütləvi şəkildə öldürülməsini nəzərdə tutan plan “Son həll” adlanırdı. Ümmiyyətlə, heç bir rəsmi sənəddə “qaz kameraları”, “genosid”, “öldürmək” kimi sözlərə rast gəlmək olmazdı, bunları “xüsusi rəftar”, “təxliyyə”, “son həll” kimi kod adlar əvəzləyirdi. Bunun sayəsində icraçılar psixoloji gərginlikdən qurtulur, cinayəti müəyyən qəlibə salıb legitimləşdirmək, qarşı tərəfi ideoloji silahdan məhrum etmək və prosesin ağırlığını yüngülləşdirmək mümkün olurdu. Adların çox zaman funksiyası məhz bu olub - baş verənləri anlamağa əngəl törətmək. Məsələnin mahiyyətinə varmaq üçün bəlkə də, adlardan qurtulmaq və baş verənləri hansısa qəlibə salmadan düşünmək lazımdır.

Və sonda Arendt xeyir və şər haqqında düşüncələrimizi yenidən gözdən keçirməyə çağırır. Әnənəvi yanaşmaya görə şər yalnız pozulmuş, xəstə ruhlu insanlardan törəyə bilər. Bu yanaşma seçimlərimizi obyektiv qiymətləndirməyə mane olur, axı hәyatda şər xislətli insanları “Göyçək Fatma” nağılındakı ögey ana kimi asanlıqla ayırd etmək olmur. Bizə elə gəlir ki, heç vaxt Eyxman kimi biri ola bilmərik. Əslində isə buna sәbәb hәlә ki, onun kimi kritik əxlaqi seçimlər etmək məcburiyyətində qalmamağımızdır. Amma gerçəklik budur ki, Eyxman bizim normal hesab edə biləcəyimiz biriydi, onu cinayətkara çevirən yaşadığı mühitin anormallığı idi. Hamı günün birində Eyxman ola bilər - küçədə rastlaşdığımız, tez-tez görüşdüyümüz adamlar da, elə biz özümüz də.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.