Şiddət
Şiddət

Şiddət niyə ailədaxili məsələ deyil?

Sosial şəbəkələri yaradanlar yəqin düşünməzdilər ki, vaxt gələcək, onların ideyaları sosiallaşma və ya biznes sərhədlərini aşaraq, daha qlobal, daha bəşəri bir funksiyaya sahiblənəcəklər. Total qınaq, total ifşa və total şəbəkələşmə funksiyasına.

Son zamanlardakı xəbərlərə baxanda, adama elə gəlir ki, qadına, azyaşlılara qarşı şiddət artıb, ailədaxili zorakılıqlar çoxalıb. Amma insanların bir çoxunun zorakılığa münasibətini görəndə, baxırsan ki, deməli, bu zorakılıq həmişə olub, sadəcə indi sosial şəbəkələr imkan verir ki, məsələ açıb-ağardılsın, ictimailəşsin, bir tədbir görülsün.

İctimailəşmək... indi bu sözdən çoxu qorxur. Həyat yoldaşını döyən ər, uşağını döyən valideyn, rədd cavabı aldığı qadını təhqir edən kişi, xidmətindən istifadə etdiyi adamların pulunu ödəməyən iş adamı, bağçada körpə döyən tərbiyəçi, seçicisini təhqir edən deputat, şikayətçisini alçaldan icra hakimi, bir sözlə, ümumi qınağa layiq hərəkət edən adamlar qorxurlar problemin ictimailəşməsindən.

Amma elədiyi pis hərəkətin ictimailəşməsindən ən çox qorxanlar şöhrətini, nüfuzunu ya da hansısa imtiyazları sosial şəbəkə vasitəsilə qazananlardır. Məhz belə adamlar hər dəfə hansisa pis hərəkətin ictimailəşməsinə mənfi yanaşır, çalışırlar ki, bu tendensiyanı ləğv etsinlər, məsələyə “şəxsi iş”, “ailədaxili məsələ” donu geyindirib, qınaqdan yayındırsınlar. Xüsusilə də ailədaxili şiddət məsələsi ictimailəşəndə bu adamlar tez arqument gətirirlər ki, belə problemlər ailə içində həll edilməlidir, ən pis halda polisə müraciət edilməlidir. Amma heç bir halda ictimailəşdirmək olmaz. Çünki “şəxsi məsələdir”.

Bu adamlar çox gözəl bilirlər ki, mental təfəkkürlü ailə üzvləri döyülən qadına “döz” deyəcək, “hər şeyə görə ailə dağıtmazlar” deyəcək, “el-obanı özünə güldürmə” deyəcək. Bilirlər, psixoloji təzyiq ediləcək qadına, onu təlqin ediləcək ki, boşanmaq ən pisidir, boşanmış qadın uğursuzdur, elə edəcəklər, döyülən qadın yolun ən yaxşısını zorakı, manyak ərin yanına qayıtmaqda görəcək.

Bilirlər ki, polis də kişinin tərəfini saxlayacaq. Ya da elə polis də qadına psixoloji şiddət edəcək, “yaxşı at özünə qamçı vurdurmaz” deyəcək, bəlkə də lap qadına seks təklif edəcək, boşanmaq istəyən qadını o dəqiqə seksual obyek kimi görəcək. Ya da şikayət edilən ər bir az məşhur adamdırsa, polisə rüşvət verəcək, məsələni bağlayacaq, hətta problem həll ediləndən sonra o polisi restorana dəvət edib, bir yerdə “əşi, arvaddır da, hansımız arvad döyməmişik”,- deyib qədəh-qədəhə vuracaqlar.

Ona görə də, qorxmurlar polisdən, hüquqdan, ailədən. İctimailəşməkdən isə qorxurlar. Çünki sosial şəbəkələrdə fəallığı, minlərlə izləyicisi olan, ictimai inam sahibi adamların hamısını ələ almaq mümkün deyil, onlar mental təfəkkürdən uzaqdırlar, onların çəkindiyi heç kim və heç nə yoxdur.

Bax buna görə də, əllərindən gələni edirlər ki, məsələ ictimailəşməsin. Bütün zorakılıqlarını “şəxsi, ailədaxili məsələ” pərdəsi ilə örtüb, ictimaiyyət üçün açıq mövzu olmadığını sübut etsinlər, sonra da bu pərdənin o tayında rahat, cəzasız şəkildə qadın döysünlər, onunla kölə kimi rəftar eləsinlər. Və bu şiddət də olsun onların ailədaxili məsələsi.

Qısa bir hadisə danışım. Bir tanış qadın var. Atası anasını döyürmüş. Sonra deyir: “Ağlım kəsəndə məni də döyməyə başladı atam. Böyüdüm, ailə qurdum, canım qurtardı onun əlindən. Dedim ki, olan olub, keçmişdə qalıb, bağışladım atamı. Sonra qardaşım evləndi. Uşaqları oldu. Bir gün xəbər tutdum ki, atam o körpələri döyür. Onda daha dözə bilmədim. Getdim, durdum qarşısında, dedim ki, sənə nifrət edirəm. Sənin qızın olduğuma görə utanıram və bu gündən sənin qızın da deyiləm. Sonra ata öldü, nə öləndə getdim, nə də sonra məzarına. Təsəvvür edin ki, atam öləndə 6 yaşlı qardaşım oğlu sevinə sevinə deyirmiş ki, yaxşı ki, öldü, daha bizi döyə bilməyəcək.

Anam dedi mənə bunu. Özü də gülə-gülə dedi ki, qanmır e, uşaq nə dediyini. Anam hələ də başa düşmür ki, necə əclaf bir adamın arvadı olub. Onun üçün adi bir şeydir özünün də, mənim də, nəvələrinin də döyülməyi. Mənsə özümü bağışlaya bilmirəm onu bir vaxtlar əfv etdiyimə görə. Ona nifrət elədiyimi vaxtında desəydim, anamı onda ayıra bilsəydim, atam sonra qardaşımın körpələri o şiddəti yaşamazdı”.

Təsəvvür edin, bir ailədən 3 nəsil eyni adamın şiddətinə məruz qalır. Ana vaxtında ayrılmır deyə uşaq döyülür, uşaq vaxtında səsini çıxarmır deyə, nəvə döyülür. Halbuki, ailədə döyülən ilk adam qərar verə bilsəydi, o lənətli zənciri qırmış olacaqdı. Amma qırmayıb, ikinci də qırmayıb, ona görə də, üçüncü nəsil də bu şiddəti yaşayıb. Bu ailədə ən dəhşətli şey, bir adamın 3 nəslə işgəncə verməyi olmayıb. O ailədən ananın o şiddəti normal qəbul etməsi olub. Ana döyülməyini normal bir şey kimi qəbul edib, qız da anaya baxıb, o da bağışlayıb.

Qarşısı alınmayan, cəzasını almayan şiddət davam edir, sonra bir adamla kifayətlənmir. Buna görə də, şiddət ailədaxili məsələ ola bilməz. Hətta qadın şikayət etməsə, gizlətsə belə, məsələdən xəbər tutanların boynuna bu yük düşür. Məsələni ictimailəşdirmək. Çünki başqa xilas yolu yoxdur.

Mənim yaşadığım Norveçdə hər şəhərdə ən azı 3 qadın sığınacağı var. Minlərlə dövlət qulluqçusu qadınların haqları ilə bağlı işləyir. Burda heç baxmırlar ki, qadın şikayətçidir, ya yox, kişinin şiddət göstərməyini təsdiq edən subut, şahid varsa, cinayət işi başlayır, kişi cəzasını alır. Çünki şiddət ondan şikayətçi olub-olmamasına baxmayaraq, cinayət hesab edilir. Hələ ailədə azyaşlı varsa, şiddət görən qadın ərindən şikayət etmirsə, o azyaşlı ailədən alınır, çünki şiddəti normal qəbul edən ana uşağının hüququna nə hörmət edər, nə də qoruya bilər. Belə hesab edilir burda.

Buna görə də, Norveçdə şiddət göstərən də, görən də adətən ictimailəşmir. Çünki işlək başqa mexanizmlər var. Cinayətkar onsuz da cəzasını alır.

Bizdə isə bu sistem yoxdur. Nə dövlət səviyyəsində, nə də QHT səviyyəsində işlək bir sistem qurulmayıb. Bu gün şiddət görən Azərbaycan qadınının ümid yeri bircə bu şiddəti ictimailəşdirməkdir. Çünki işlək mexanizm tək budur.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.