Şahvələd Çobanoğlu Gözəl Bayramlı ilə bağlı dindirilib

''İstintaq sirri olduğu üçün artıq heç nə deyə bilmirəm''

İyunun 14-də jurnalist Şahvələd Çobanoğlu Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verib. 

O, AXCP sədrinin müavini Gözəl Bayramlının işi ilə bağlı dindirilib.

Məlumatı Meydan TV-yə Şahvələd Çobanoğlu verib. Bildirib ki, onu müstəntiq Ramiz Alverdiyev dindirib və proses 2 saat yarım davam edib:

“İstintaq sirri olduğu üçün detallara varmayacam, çünki iltizam alıblar. Ancaq mən Gözəl xanımın qanunsuz addım atmadığına inanıram. Bir də öz fəaliyyətimlə bağlı ümumi suallar verildi”.

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən saxlanıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir. Ancaq istintaq gedişində 3 aylıq həbs edilən G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları onun əşyaları arasına atıb.