''Taleh Bağırzadəni bir gənc kimi dəstəkləyirəm''

Nardaran Ağsaqqalları Şurasının sədri məhkəmədə ifadə verdi

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və digər 11 nəfərin məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə,hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə şahid qismində Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimov ifadə verib. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyini deyib:

"Orada Taleh Bağırzadə haqqında soruşublar. Taleh Bağırzadəni bir gənc kimi dəstəkləyirəm. Hər hansısa fikri xoşuma gəlməyibsə, bunu mətbuatda açıq demişəm. Elə fikirləri var idi ki, onları kəskin deməsəydi də, olardı. Taleh ilahiyyatçıdır. Biz hamımız onun arxasında namaz qılmışıq".

N.Kərimov həmçinin "Müsəlman Birliyi" Hərəkatı haqqında da danışıb. Bildirib ki, təşkilat təsis olunan gün T.Bağırzadəyə təşəkkür məktubu göndərib:

"Bu, mütərəqqi addımdı. İdarədə dediyim ifadəni oxumadım, çünki eynəyim maşında qalmışdı. O ifadədə mənim dilimdə deyilməyən fikirlər ola bilər. İfadəmdə silahla olan hissəni təsdiq etmirəm. İlk dəfədir ki, məhkəmədə ifadə verirəm. Mən Taleh Bağırzadənin məhkəməsində iştirak etməmişəm".

Növbəti məhkəmə prosesi iyunun 30-da davam edəcək.

2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polis əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Taleh Bağırzadə və digərləri həbs edilib. Hadisə nəticəsində 2 polis və 4 kənd sakini həlak olub. Rəsmi məlumatlarda onların dövlət çevrilişinə hazırlaşmaları qeyd edilir. Lakin təqsirləndirilən şəxslər ittihamı rədd edir.