''Mehman Hüseynovun əməliyyatı üçün zərurət yoxdur''

Mehman Huseynov

Ombudsman Aparatı vəkillərin müraciətinə cavab verib

Həbsdəki bloger Mehman Hüseynovun əməliyyat edilməsinə yardım üçün vəkillərinin göndərdiyi müraciətə Ombudsman Aparatı cavab verib.

Vəkil Elçin Sadıqovun məlumatına görə, M.Hüseynova şəxsiyyət vəsiqəsi verilməsinə, əməliyyat olunmasına yardım göstərilməsi üçün Ombudsman Elmira Süleymanovaya müraciət edilmişdi.

Şəxsiyyət vəsiqəsi məsələsi artıq həllini tapıb. “M.Hüseynovun müraciətləri nəzərə alınaraq şəxsiyyət vəsiqəsi məsələsi Ombudsman tərəfindən həll edilib. 14 Saylı Cəzaçəkmə Müəssisəsində MPQ üzvlərinin iştirakı ilə M.Hüseynova şəxsiyyət vəsiqəsi təqdim olunub” - Ombudsmanın məktubunda deyilir.

Həbsdəki blogerin müalicə və əməliyyat olunmasına gəlincə, aparat rəhbəri qeyd edir ki, Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr zamanı M.Hüseynov da qəbul edilib:
"O, səhhəti ilə bağlı məsələləri Milli Preventiv Qrupun üzvlərinə çatdırıb. Yerində tibbi-sanitar hissənin rəisinə müvafiq tapşırıqlar verilib”.

Aparat rəhbəri qeyd edir ki, mütəxəssis tərəfindən verilmiş təyinatların icrası davam etdirilməlidir, ancaq M.Hüseynov həmin təyinatları intizamsız yerinə yetirir.

“Mehman tibbi rejimə əməl etmir, hər gün futbol oynayır. Mehman Hüseynovun cərrahi əməliyyat edilməsi barədə müraciət də araşdırılıb. Mütəxəssislər hazırda M.Hüseynovda cərrahi müdaxiləyə zərurət olmadığını qeyd edərək müvafiq təyinat veriblər” - məktubda vurğulanır.