''Azərbaycan Dəmir Yolları özünü bankrot elan etməyə hazırlaşır''

ADY maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtarır

"Azərbaycan Dəmir Yolları" (ADY) Açıq Səhmdar Cəmiyyəti maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtarır.

Qurum bununla bağlı məlumatı rəsmi saytında yayıb.

"Azərbaycan Dəmir Yolları" qeyd edir ki, maliyyə məsləhətçisi arayışında məqsəd ADY-nin gələcək əsaslı xərclərinin maliyyələşdirilməsi imkanlarını araşdırmaqdır.

Qurum həmçinin müəyyən mövcud öhdəliklərini yenidən maliyyələşdirmənin mümkünlüyünü maliyyə məsləhətçisi vasitəsilə araşdırmaq niyyətindədir: 

“Mövzu ilə bağlı detallı bilgi veriləcək”.

İqtisadçı Natiq Cəfərli ADY-nin elanı ilə bağlı şərhində "Azərbaycan Dəmir Yolları"nı Beynəlxalq Bankın taleyinin gözlədiyini deyib: 

"Elanın mənası odur ki, Beynəlxalq Bankdan sonra ADY də özünü bankrot elan etməyə, borclarını "restrukturizasiya" etmək, loru dillə desək, bacardıqca uzadaraq gec qaytarmaq, dövlətin üzərinə atmaq istəyir". 

Natiq Cəfərli təxmin edir ki, növbədə SOCAR, AZAL, "Azərenerji", "Azərsu", digər monstr dövlət şirkətləri də var. 

"Onların toplam borcu isə birbaşa dövlət borcundan da çoxdur. Borc təqribən, 13-14 mlrd. dollardır". 

"Azərbaycan Dəmir Yolları"-nın bu elanı dünyanın bir sıra nüfuzlu informasiya agentlikləri tərəfindən yayımlanıb. Həmin xəbərlərdə Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası məsələsi də yada salınır.