Daha bir jurnalist ifadə verəcək

Baş Prokurorluq

“Əziz Orucovun işi ilə əlaqədar olduğunu dedilər”

Jurnalist Cavid Cabbarlı iyunun 19-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.
Bu barədə o, “Facebook” səhifəsində yazıb.

"Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən müstəntiq Orxan Babayev zəng edib bildirdi ki, iyunun 19-u, saat 11-də idarədə olmalıyam. O, dindirilmənin “Kanal13” internet televiziyasının Bakı filialının rəhbəri Əziz Orucovun işi ilə əlaqədar olduğunu dedi”.

Cavid Cabbarlı xeber.info saytının baş redaktorudur. O, "Kanal-13"də "Sizin tribuna" və "Olduğu kimi" rubrikalarının aparıcısı olub.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkilləri və müdafiəçiləri Ə. Orucova qarşı ittihamların əsassız olduğunu bildirirlər. Deyirlər ki, onun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır.