Almaniyada ''Siyasi məhbuslarsız Azərbaycan'' aksiyası keçirilib

''Avropadakı azərbaycanlılar belə qanunsuzlaqlara etiraz edirlər''

Avropada yaşayan azərbaycanlılar Almaniyanın Nürnberq şəhərində "Siyasi məhbuslarsız Azərbaycan" şüarı ilə etiraz aksiyası keçirib. Aksiyada Azərbaycanda həbsdə olan ictimai-siyasi fəallara, jurnalistlərə azadlıq tələb olunub.

Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkil etdiyi aksiyada 50-yə yaxın azərbaycanlı iştirak edib.

Aksiya barəsində “Turan”-a Avropada yaşayan azərbaycanlı mühacir Tural Sadıqlı məlumat verib. 

Onun deməsinə görə, qürbətdəki azərbaycanlılar son dönəmlərdə Azərbaycanda baş verən qanunsuz həbslərə etiraz edirlər.

"Bir ay içində xeyli insan həbs olunub. Həbsxanada onlara günahsız siyasi məhbus var. İlqar Məmmədov 5-ci doğum günün də həbsdə qeyd etdi. Avropadakı azərbaycanlılar belə qanunsuzlaqlara etiraz edirlər”. 

İştirakçılar "İlham Əliyev, Gözəl Bayramlını, Əfqan Muxtarlını azad et", "Bayrama, Qiyasa azadlıq", "Qul deyilik, narkoman deyilik", "İlqar Məmmədov azadlığa buraxılsın!" və s. şüarlar səsələndiriblər.

AKM-in təşkilatçılığı ilə Nürnberqdən başqa Almaniyanın Frankfurt, Dortmund, Fransanın Laval, İsveçin Höteborq şəhərlərində də aksiyalar keçirilib.

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib. 2016-cı ildə qeydiyyata alınıb.