İlahiyyatçının məhkəməsində sonuncu şahid dindirilib

Sərdar Babayev

''Dövlət ittihamçısı məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istədi''

İyunun 19-u Masallı rayon Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin işi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Prosesdə sonuncu şahid də dindirilib.

Məlumatı S.Babayevin vəkili Cavad Cavadov “Facebook”-da paylaşıb. 

Vəkil bildirib ki, prosesdə dövlət ittihamçısının da çıxışı gözlənilirmiş. Ancaq o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib: 

“Hakim ona iyulun 3-nə kimi vaxt verdi. Bundan əlavə, Şirvan Apelyasiya məhkəməsi şikayətimizi təmin edib. Masallı rayon məhkəməsinin qərarını ləğv edib. Sərdar Babayevin Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerinde telefon ve görüş hüqüqunu tanıyıb”.  

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.