Daha bir əsgərin öldüyü bildirilir

foto arxiv

''Onun hansı şəraitdə ölməsi ilə bağlı bilgi verilməyib''

İyunun 17-i Ağdamın "N" saylı hərbi hissəsində xidmət edən 32 yaşlı kəşfiyyatçı Ruslan İlham oğlu Ocaxverdiyevin vəfat etdiyi deyilir. Ruslan Ocaxverdiyev Şəkinin Şirinbulaq kənd sakinidir. 

Meydan TV-yə məlumatı əsgərin yaxınları verib. Onlar əsgərin naməlum səbəbdən öldüyünü bildiriblər: 

“Hadisənin necə olması, təfərrüatı ilə bağlı bilgi verilməyib”. 

Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Şəki şəhər İcra Hakimiyyətinin Şirinbulaq kənd üzrə nümayəndəsi Tapdıq Dostuyevlə əlaqə saxlayıb. O, xəbəri təsdiqləyib. Ancaq əsgərin ölüm səbəbini dəqiqliyi ilə bilmədiyini deyib: 

“Dəqiq bilmirəm, deyəsən ürək çatışmazlığından ölüb. Onun harada, hansı şəraitdə ölməsi ilə bağlı məlumatım yoxdur”. 

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun ötən ay açıqladığı statistikaya görə, 2017-ci ilin ilk 4 ayında Azərbaycanda 22 hərbçi həlak olub. Onlardan 12-si döyüş, 10-u isə qeyri-döyüş itkisidir. Statistika mətbuatın monitorinqi nəticəsində hazırlanıb. 

Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfin açdığı atəş nəticəsində həlak olub. 

2 hərbçi xəstəlikdən, 2 nəfərin intihar etdiyi, 2 nəfərinsə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) öldüyü bildirilir. 2 nəfər naməlum hadisə səbəbindən, 1 nəfərin əsgər yoldaşının açdığı atəş nəticəsində, 1 nəfərinsə avto-qəza nəticəsində həlak olduğu deyilir.