Faiq Əmirlinin işində şahidlər ifadə verib

Faiq Əmirli

Vəkil: ''İstintaq qəzetin 10 il əvvəlki işlərini də Faiq Əmirlinin adına saxtalaşdırmaq istəyir''

İyunun 19-da Səbayel Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə "Azadlıq" qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam edib. Hakim növbəti məhkəmənin iyunun 21-i saat 12.45-də olacağını deyib.

F. Əmirli "şüşə qəfəs"də deyil, öz vəkilinin yanında oturub. 

Dövlət ittihamını Vüsal Abdullayev müdafiə edir.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Məhkəmədə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının təmsilçiləri, AXCP sədri Əli Kərimli, ictimaiyyət nümayəndələri iştirak edib. Zalda stullar artırılsa da, insanların bir çoxu məhkəmə binasının qarşısında gözləməli olub.

Bugünki məhkəmədə 8 şahid ifadə verib. Şahidlərin əksəriyyəti "Azadlıq" qəzetində 5-10 il öncə elan və ya reklam dərc etdirib.

Onlardan yalnız biri - "Azərbaycan" nəşriyyatının iqtisadiyyat şöbəsinin müdiri Akif Vəlimətov Faiq Əmirlini tanıyır.

"İşgüzar münasibətlərimiz olub. Qəzetin borcları olanda redaktor müavini Rahim Hacıyev və Faiq Əmirli ilə danışırdıq. Amma Faiq Əmirli qərar verən şəxs deyildi. Son zamanlar qəzetin nəşriyyata 20 min manat borcu yaranıb. Biz Faiq Əmirli və Rahim Hacıyevlə birgə rəhbərliyin yanında olduq. Onlar izah etdilər ki, yayım şirkəti qəzetə olan borcunu ödəmədiyindən nəşriyyatın pulunu ödəyə bilmir". 

Bu zaman Faiq Əmirli deyib ki, istintaq 8 milyon nüsxə qəzetin vergi borcunun ödənilməsini istəyir. "Sizcə, 8 milyon nüsxə qəzetin çap xərcləri nə qədər edər? Özü də məhkəməyə bildirib ki, çap xərcləri yarım milyon manatdan çox edir”.

Şahid Nadir Əliyev bildirib ki, 5-6 il öncə alıb-satdığı kitablarla bağlı qəzetdə elan dərc etdirib.

"Elan dərc etdirdiyim hər kitabın müqabilində redaksiyaya bir kitab hədiyyə etmişəm. Nağd pul ödəməmişəm", - deyə o qeyd edib.

Şahid Valeh Quliyev 2001-ci ildə sənədini itirib və "Azadlıq" qəzetində elan dərc etdirib. Amma cinayət işinin materiallarında şahidin ifadəsində yazılıb ki, o, 2011-ci ildə sənədini itirib və elan dərc etdirib. Cinayət işində şahidin elan müqabilində qəzetə iki manat ödədiyi qeyd edilib.

"Mən 2011-ci ildə sənədimi itirməmişəm. İstintaq materialında yazılanları təsdiq etmirəm. Mən 2001-ci ildə pul ödədiyim barədə yazılanları da təsdiq etmirəm. Bir də 2001-ci ildəki 2 manat indi nə qədər edir?", - şahid istintaqın yazdığı ifadədən imtina edib.

Bu zaman vəkil Aqil Layıcov Faiq Əmirliyə qarşı cinayət işini "söz yığını" adlandırıb.

"İstintaq hər cəhdlə Faiq Əmirlinin qəzetdə işə başladığından 10 il əvvəldəkiləri də onun adına saxtalaşdırmaq istəyir", - o qeyd edib.

Şahid Anar Abbasov əldə qəzet satışı ilə məşğul olub.

"Mən satış firmasında işləyirdim. Gündə 10-15 ədəd "Azadlıq" qəzeti satırdım. Dövlət qəzetləri də satırdım. Rəsmi müqaviləmiz var idi. Satdığım hər qəzetin qiymətinin 28-30 faizini mənə verirdilər", - şahid deyib.

Digər şahidlər də qəzetə verdikləri elan müqabilində nəinki Faiq Əmirliyə, ümumiyyətlə, pul ödəmədiklərini bildiriblər.

Fasilə zamanı F. Əmirli “Turan”-ın iclas zalında olan müxbirinin suallarına cavab verib. O bildirib ki, səhhətində ciddi problemlər var.

"Mədəmdə və öd kisəmdə kəskin ağırlar var. Mədəmdə qastrit var. Öd kisəmdə isə qalınlaşma gedir. Həkim baxır və dərmanlar verir. Ağrıkəsici dərmanlar belə ağrıları sakitləşdirmir. Müalicə müəssisəsinə köçürülməyim üçün müraciət edəcəm", - o qeyd edib.

F.Əmirli saxlanma şəraitindən narazı deyil.

"Özümü təqsirli bilmirəm və hər hansı günahım yoxdur", - F.Əmirli ittihamla bağlı sualın cavabında deyib.