Sərhəddən 93 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb

Foto Gömrük Komitəsinə məxsusdur

“Heroin maşının gizli saxlanc yerindən tapılıb”

Naxçıvan Muxtar Respublikasındakı (NMR) "Şahtaxtı" gömrük-sərhəd keçid məntəqəsində 93 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb. Məlumatı Dövlət Gömrük Komitəsi yayıb. 

Bildirilir ki, həmin narkotik maddə Türkiyə vətəndaşının idarə etdiyi "Volvo" markalı yük maşınından tapılıb.

“Rentgen qurğusu vasitəsilə baxış zamanı gizli saxlanc yerində 180 bükümdə qablaşdırılmış ümumi çəkisi 93 kq heroin aşkar edilib”, - məlumatda deyilir.

Yük maşınının NMR ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə getdiyi söylənir.

Fakt üzrə araşdırma aparılır. Saxlanan Türkiyə vətəndaşının və ya vəkilinin olayla bağlı izahatı, hələlik, açıqlanmayıb.