Leyla Həsənova
Leyla Həsənova

Marneulidə çatışmayan bağçalar

“Övladımın yaşıdları kimi bağçaya gedə bilmədiyinə görə çox üzülürəm”

Marneulinin Ağməmmədli kənd sakini Aytac Həsənovanın qızı digər uşaqlar kimi bağçaya gedə bilmir. Səbəb isə onlara ən yaxın olan bağçanın 9 km-lik məsafədə yerləşməsidir:

“Bəzi ailələr uşaqlarını Şulaveri kənd bağçasına, bəziləri isə Marneuli rayon mərkəzinə göndərirlər. Bu da bizim üçün artıq xərc deməkdir, buna imkanımız yoxdur. Yolpuluna görə hər uşağa ayda 30 lari ödəməliyik”.

Aytac və qızı ancaq Azərbaycan dilində danışa bilirlər: “Bağçaya gedən uşaqlar gürcü dilinin ilkin mərhələsini öyrənirlər, orta məktəbə gedəndə də dili öyrənmək onlara çox asan olur. Qızım həmişə soruşur ki, niyə o da başqa uşaqlar kimi bağçaya gedə bilmir. Övladımın yaşıdları kimi bağçaya gedə bilmədiyinə görə çox üzülürəm”.

Marneuli Məktəbəqədər Mərkəzinin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, Marneulinin 80 kəndində cəmi 12 uşaq bağçası var. 2-6 yaşarası 2000 uşaq bu bağçalara gedir. Bağçaya gedə bilməyən uşaqların sayı isə təxminən 4000-ə qədərdir.

Aytac uşaq bağçalarının nəinki yalnız uşaqlar üçün vacib olduğunu, onun işgüzar qadınlar üçün də zəruriliyini vurğalayır:

“Fermada işləyirik. Kənd sakinləri pulu, dolanışığı ancaq torpaqdan qazanırlar. Bundan başqa, qadınlar hələ ev işlərini də görürlər. Uşağa ayırmağa çox az vaxtımız qalır”.

Marneulidə daha iki uşaq bağçasının açılacağı nəzərdə tutulur

Z.Kərəmov deyir ki, Marneuli Bələdiyyəsinin büdcəsi bütün kəndlərdə uşaq bağçası tikməyə imkan vermir. Ancaq buna baxmayaraq, hər il yeni bir uşaq bağçası tikilib, istifadəyə verilir.

“Sentyabr ayında iki uşaq bağçası – Sadaxlı və Algeti kəndlərində istifadəyə veriləcək. Növbəti il isə Şulaveri kəndində də yeni bir bağçanın tikilməsi planlaşdırılır”, deyə Z.Kərəmov bildirdi.

Vüqar Məmmədov
Vüqar Məmmədov.

“Regionda məktəbəqədər kursların sayı altıdır. Belə bir kurslara tələbat çox olduğundan kursların sayını artırmağı düşünürük. Başqa bir layihə isə kəndlərdə istifadə edilməyən binaların bağça kimi istifadəyə verilməsi ilə bağlıdır. Hətta artıq iki kənddən bununla bağlı müraciət də edilib”, deyə Kərəmov qeyd etdi.

Gürcüstanda 2016-cı ildə qəbul edilən qanuna görə, bir bağça sinfində 30-dan artıq uşaq olmamalıdır. Kərəmov isə deyir ki, uşaqların sayının 35-dən artıq olmamasına çalışacaqlar.

Ağəmmədli kənd sakini Leyla Həsənova deyir ki, kənddə uşaq bağçası olmadığından onun hər iki nəvəsi hər gün 9 km yolu qət edərək digər kənddə yerləşən bağçaya gedirlər. “Onların bağçaya aparılması üçün hər ay təqaüdümdən 60 lari ayırıram. Nəvələrimin nə atası, nə də ki, anası işləmir. Bir çox ailə məhz elə bu səbəbə görə uşaqlarını bağçalara göndərə bilmir. Bağçanın öz kəndimizdə olmasını çox istərdik. Ən azından dövlət heç olmasa uşaqlarımızı başqa kəndə aparan avtobusla təmin etsəydi, çox yaxşı olardı”.

Leyla Həsənova həmçinin, nəvələrinin gedə biləcəyi idman kurslarının olmamasından da gileylənir:

“Qız nəvəm çox yaxşı idmançı ola bilər, lakin kənddə idman kursları yoxdur. Uşaqların bağçada müxtəlif növ məşğuliyyətləri olmalıdır. Bəlkə elə mənim qız nəvəm gələcəkdə ölkəsi üçün mühüm nailiyyətlər əldə edəcək? Ona görə dövlət onun inkişafı üçün nələrsə etməlidir.

Uşaqları nəqliyyatla təmin edəcək kimi bir layihə hələ ki, yoxdur

Marneuli Bələdiyyəsinin Maliyyə Departamentinin rəhbəri Vüqar Məmmədov, hazırda uşaqları nəqliyyatla təmin edəcək bir layihənin olmadığını deyir:

“Yalnız fiziki məhdudiyyətli uşaqları Qızılhacılı kənd məktəbinə aparan nəqliyyat vasitəsi var”.

“Bilirik ki, ailələrin də vəziyyəti ağırdır. Bəzi ailələr var ki, uşaqlarını bağçaya göndərməkdən ötrü xüsusi minibusları kirayə götürürlər. Bəzi ailələr uşaqlarını hətta 30-40 km məsafədə yerləşən bağçalara belə aparırlar”, - deyə Məmmədov bildirdi.

Maliyyə Departamenti rəhbərinin sözlərinə görə, qurum bütün böyük kəndlərdə uşaq bağçası tikməyə çalışır, bu məqsədlə kəndlər ərazilərə də bölünüb: “Belə olan halda valideynlər uşaqlarını yalnız 3-4 km məsafədə yerləşən bağçalara apara biləcəklər və nəqliyyat xərcləri də azalmış olacaq”.

Biz daha çox bağça tikə bilərik, ancaq onları saxlaya bilməyəcəyik

Məmmədov onu da deyir ki, bir il ərzində on yeni uşaq bağçası tikilə bilər, lakin Marneuli Bələdiyyəsinin büdcəsinin imkanı yalnız bir, ya iki bağçanı saxlamağa çatar: “2017-ci ildə bağçaların saxlanılmasına təqribən 1.9 milyon lari ayrılıb. Biz öz yerli büdcəmizdən yeni bağça tikib və onu lazımi ləvazimatlarla təmin etmişik. Bütün kəndləri bağça ilə təmin etmək çox uzun zaman tələb edir”.