Manat
Manat

Manatın seçkidən sonrakı taleyi

Natiq Cəfərli: “Yaxın zamanda devalvasiya gözlənilmir”

Prezident İlham Əliyev növbədənkənar seçkilərin aprelin 11-də keçirilməsi barədə sərəncam imzalayandan sonra xalq arasında bu qəfil qərarının səbəbləri ilə bağlı bir çox versiyalar ortaya çıxdı.

“Turan” agentliyinin bununla bağlı təhlilində qeyd edilir ki, məmurların çoxsaylı tədbirlərə hazırlıq, xarici təhlükələr və digər səbəblərlə bağlı açıqlamaları şübhə ilə qarşılandı və manatın yaxın gələcəkdəki devalvasiyası barədə şayiələr yarandı

“İctimaiyyət təşvişə düşdü, belə bir fikir yarandı ki, prezident seçkisi manatın gözlənilən devalvasiyasını qabaqlamaq üçün yarım il irəli çəkilib və yaxın aylarda manatın devalvasiyası baş verəcək. 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı. Nəticədə milli valyuta iki dəfə dəyərsizləşdi. Bu proses birdən-birə baş verdi, insanlar faktdan sonra məlumatlandırıldı. Məhz bu səbəbdən növbəti devalvasiya barədə müzakirələr ara vermir”.

Yazıda qeyd edilib ki, ölkənin baş bankiri Elman Rüstəmovun yerli valyutanın sabitliyi barədə bəyanatlarına etimad göstərilmir. Seçkilərin tələsik keçirilməsi barədə xəbərlər isə narahatlıqları daha da artırır.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı Nemət Əliyevin sözlərinə görə, devalvasiya barədə şayiələr əsassız deyil və manatın növbəti dəfə qiymətdən düşməsi ehtimalı istisna edilmir.

“Devalvasiya hakimiyyətin seçkinin vaxtını önə çəkməsinin səbəblərindən biri ola bilər. Ötən il neftin qiymətlərinin müəyyən dərəcədə artması ölkənin büdcəsi üçün müsbət rol oynadı, valyuta ehtiyatları artdı. Amma “qara qızıl”ın qiymətlərini aşağı salmaq çağırışları göstərir ki, bu, tezliklə olacaq. Bununla yanaşı, ABŞ xam neftin istehsalını kəskin şəkildə artırıb. Bu, neftə tələbatın azalmasına səbəb olacaq və onun qiymətinə təsir edəcək.

Azərbaycan hakimiyyəti ötən dövrdə qeyri-neft sektorunu inkişaf etdirə bilmədi, ona görə neftin qiymətlərinin düşməsi ilə böhran dərinləşəcək, valyuta ehtiyatları əriyəcək və və devalvasiya labüd olacaq. Hesab etmirəm ki, bu, aprelin 11-də baş verəcək. Ancaq yaxın gələcəkdə yerli valyutanın qiymətdən düşməsini gözləmək olar”, deyə iqtisadçı qeyd edib.

Ekspert qeyd edib ki, yaxınlaşan devalvasiyanın başqa bir əlaməti sanksiyalardır.

“ABŞ yüksək səviyyəli Rusiya rəsmiləri və oliqarxlarına qarşı sanksiyalar paketi hazırlayıb. Azərbaycanın ixracatının mühüm hissəsi Rusiya ilə bağlıdır və sanksiyalar haqqında xəbərlər narahatlıq doğurmaya bilməz. Bundan əlavə, Azərbaycan kapitalının böyük Rusiya şirkətləri ilə əlaqəsini inkar etmək mümkün deyil. Neft-qaz şirkətlərinə və silah istehsalçılarına sanksiyalar tətbiq edilsə, onların Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı mənfi təsirləri qaçılmaz olacaq və manatın dəyərsizləşməsinə də təsir edəcək”, - deyə N.Əliyev vurğulayıb.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, yaxın zamanda devalvasiya gözlənilmir.

“Bu, dünya bazarında ciddi dəyişikliklər olsa belə, mümkün deyil. Hakimiyyət devalvasiyaya imkan verməyəcək, çünki onlar məzənnə siyasəti kimi sadə iqtisadi amili siyasi sabitlik amilinə çeviriblər. Buna görə də aprelin 11-dək məzənnə dəyişməyəcək. Seçkilərə bir neçə gün qalmış hakimiyyət sabitliyin daha bir görüntüsünü yaratmaq üçün manatın məzənnəsini 1 dollar üçün 1,68 səviyyəsinə qədər yüksəldə bilər”, - deyə Cəfərli bildirib.

Lakin onun sözlərinə görə, seçkilərdən sonra, daha doğrusu, payızda manatın başı üstündə buludlar qalınlaşa bilər.

“Məhz o zaman devalvasiya daha çox ehtimal edilir. İndi hakimiyyət manatı inzibati qaydalarla sabit səviyyədə saxlayır, lakin payızda buna lüzum olmayacaq. Çünki seçkilər keçəcək və sabitlik görüntüsü yaratmaq lazım gəlməyəcək. Bundan əlavə, son illər ölkədə iqtisadi sabitlik neftin qiymətinin artması ilə əlaqədardır. Amma neft amili sabit deyil, son iki gün ərzində neftin qiyməti 70 dollardan 60 dollara düşüb. Payızda neftin qiymətlərinin kəskin olaraq 50-55 dollar səviyyəsinə düşməsi gözlənilir. Bundan sonra manatın məzənnəsini əvvəlki səviyyədə saxlamaq daha çətin olacaq”, - deyə N.Cəfərli qeyd edib.