Bakı şəhər Baş Polis İdarəsindən Milli Şuraya xəbərdarlıq

Səhlab Bağırov, foto: courtesy
Səhlab Bağırov, foto: courtesy

''İğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək''

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. 

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə deyib ki, o da daxil 6 nəfəri martın 9-da Bakı şəhər Baş polis İdarəsinə çağırmışdılar:

"Nurəddin Məmmədlini, Eldəniz Quliyev, İbrahim İbrahimli, Rövşən Əhmədli, Vahid Məhərrəmli və mən. Bizə əvvəlki mitinqlərdə etdikləri xəbərdarlıqları xatırlatdılar. Cavab verdik ki, adamları stadiona buraxanda tıxac yaratmasınlar, şüarları almasınlar və.s".

Milli Şura, Müsavat Partiyası və NİDA martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH aksiyanın keçirilməsinə razılıq verib.