Sərdar Cəlaloğlu: İlham Əliyevin qalib gəlməsi faktdır

Sərdar Cəlaloğlu

''İlham Əliyevdən başqa digər 6 namizədin topladığı ümumi səs qədər səs verilib mənə''

“Bu səsvermədə bir faktiki, bir də formal tərəf var”.

Demokrat partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu aprelin 11-də Azərbaycanda prezident seçkilərilə bağlı keçirilmiş səsvermənin nəticələrini belə dəyərləndirib.

S.Cəlaloğluna görə, səsvermənin faktiki tərəfi budur ki, İlham Əliyev qalib gəlib:

“Onun qalib gəlməsi, faktdır, mən bunu mübahisələndirmək fikrində deyiləm”, deyə ADP sədri məsələnin faktiki tərəfinə münasibət ifadə edib.

Məsələnin formal tərəfinə toxunan S.Cəlaloğlu iddia edir ki, buradakı rəqəmlər konyuktur mahiyyət daşıyır, nəticə olmaqdan daha çox dünüyaya siyasi mesaj anlamındadır:

“Prezidenliyə namizədlər hərəsi bir ideya bucağından çıxış edirdilər. Kimi Avrasiya yönlü, kimi Qərb yönlü mövqe sərgiləyirdi. Məsəl üçün mən türk konfederasiyası və Qərbçiliyi dəstəkləyən ideyadan çıxış etdim. Odur ki, mənə yazılan səsvermə sayı təkcə mənə səsverən seçisi sayı yox, həm də ideyanın ölkədə nə qədər tərəfdarı olması barədə dünyaya mesajdır”.

Öz topladığı səslərin həcminə gəlincə, ADP sədri hesab edir ki, bu gerçəyi əks etdirmir və İ.Əliyev istisna olmaqla, qalan 6 namizədin ümumi yığdığı qədər səs yığıb.

Onun sözlərinə görə, az səs yığmasının daha bir neçə səbəbi də var:

“Bunun səbəblərindən biri həm hakimiyyətin, həm də müxalif qüvvələrin mənə qarşı təbliğat aparmasıdır. Daha bir səbəb narazı elektoratın seçkilərə tam şəkildə qatılmamasıdır. Digər bir səbəb isə mənə səs verəcək elektoratın səsvermədə dağınıq şəkildə iştirak etməsidir”.

MSK sədri Məzahir Pənahovun bildirdiyinə görə, sayılan bülletenlərə əsasən, İlham Əliyev 86,3 faiz səs qazanıb.

Sərdar Cəlaloğlu 3,03% səsə toplayaraq, seçkidə üçüncü olub.