Yanacaqdoldurma məntəqəsinin 22 yaşlı operatoru hardadır?

Balabəy

Ailə üzvləri 35-ci polis bölməsinin fəaliyyətindən narazıdır

“Məntəqənin müdiri ilə problemləri vardı. Hər dəfə müdir ona “əskiyin var” deyib pul istəyirdi. O da atasına deyirdi. İki həftə əvvəl yenə eyni vəziyyət alındı. Sonra da uşaq yoxa çıxdı”.
Bunu Meydan TV-yə Türkan qəsəbəsinin sakini Vüqar Əmirov deyir. Onun sözlərinə görə, yaxın qohumu, 22 yaşlı Balabəy Balayev iki həftə əvvəl evdən çıxaraq işlədiyi “Şah Oil” yanacaqdoldurma məntəqəsinə gedib və geri qayıtmayıb.

“Şah Oil” yanacaqdoldurma məntəqəsi Xətai rayonu ərazisində yerləşir. Gənc Balabəy bir müddət imiş ki, orda operator kimi çalışırmış. Ailəsi Balabəyin yoxa çıxmasından çox dərin sarsıntı keçirib, o üzdən də atası Meydan TV-yə Balabəyin başına gələnlərdən danışa bilmədi. Əvəzində yaxın qohumu Vüqar Əmirov danışdı:

Müdir ondan tez-tez pul tələb edirdi

“Həmin yanacaqdoldurma məntəqəsinin müdiri Balabəydən tez-tez pul tələb edirdi. Hər dəfə də bəhanə gətirirdi ki, guya haqq-hesab vaxtı Balabəyin məntəqəyə pul əksiyi çıxır. Sonuncu dəfə də uşağın atası Azər Balayevə aprelin 1-də zəng vurub, deyib, oğlunun 431 manat əskiyi var, gətir ödə. Atası da Balabəyə zəng vurub, Balabəy ağlayıb, deyib, müdir yenə məni sıxışdırır. Atası da deyib ki, oğlum, narahat olma, gəlirəm, pulu gətirirəm. Atası ora çatanda görüb ki Balabəy işdə yoxdur, telefonuna zəng vurub, bağlı olub. Orda işləyənlərdən soruşanda deyiblər ki, Balabəy elə iş geyimində hasardan hoppanıb qaçdı. Müdirdən Balabəyi soruşub, o da xəbərsiz olduğunu bildirib”.

Beləcə, həmin gündən Balabəyi gördüm deyən olmayıb. Ailə üzvləri məntəqənin yerləşdiyi əraziyə nəzarət edən Xətai rayon RPİ-nin 35-ci polis bölməsinə ərizə ilə müraciət ediblər. Lakin onlar iddia edir ki, polis Balabəyin məsələsinə laqeyd yanaşır. Ailə üzvləri işə polis bölməsi səviyyəsində baxılmasını istəmir:

Bölmə işə laqeyd yanaşır

“Biz istəyirik ki, Balabəyin axtarışı ciddi aparılsın. Ortadan yoxa çıxan bu ölkənin vətəndaşıdır. Yoxa çıxmamışdan bir az əvvəl gedib vətənə xidməti borcunu yerinə yetirib gələn vətəndaşdır. Bizim istədiyimiz odur ki, bu iş bölmədən alınıb Bakı Şəhər Baş Polis İdarəsinə verilsin, Baş prokuror işi nəzarətə götürsün. Bu məsələ ciddi araşdırılsın. Balabəyin “Whatsapp”-dakı sonuncu status təxminən belədir: “Məni şərlədilər, günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam”.

Polis deyir, gəncin axtarışı davam edir

Meydan TV əməkdaşı “Şah Oil” yanacaqdoldurma məntəqəsinin rəhbərliyi ilə əlaqə yarada bilməyib. Dəfələrlə müraciət etməsinə baxmayaraq, rəhbərliyin işdə olmadığı deyilib.
35-ci polis bölməsindən isə Meydan TV-yə bildirilib ki, 1996-cı il təvəllüdlü Balabəy Balayevin yoxa çıxması ilə bağlı ərizə bölməyə daxil olandan sonra araşdırma başlanıb. Çalışdığı yanacaqdoldurma məntəqəsinin işçiləri və direktoru izahat verib. Lakin istintaq sirri olduğunu deyərək, polisdən məntəqə işçilərinin izahatlarının məzmunu barədə əlavə məlumat verilməyib. Bildirilib ki, yoxa çıxanın ailə üzvlərinin məntəqə rəhbərliyindən şübhələnməsi üçün hələlik əsas yoxdur. Balabəy Balayevin tapılması istiqamətində işlər davam edir.

Hüquqşünas Namizəd Səfərov isə deyir, əgər ailəsi iş qovluğunun bölmədən alınıb Bakı Şəhər Baş Polis idarəsinə verilməsini istəyirsə, bunun üçün daxili işlər nazirinə müraciət etməlidir