Yerevanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına etiraz aksiyası keçirilir

foto arminfo.info
foto arminfo.info

Minlərlə yerevanlı mərkəzi meydana toplanıb

Ermənistanda minlərlə insan keçmiş prezident Serj Sarkisyanı hakimiyyətdə saxlayacaq yeni hökumət dəyişiklliyinə etiraz edir. Onlar Yerevanın mərkəzi meydanına yığışıb.

Armen Sarkisyan (Serj Sarkisyanla qohum deyil) aprelin 9-da Ermənsitanın yeni prezidenti olub. Keçmiş prezident Serj Sarkisyanın partiyası isə parlamentdə çoxluğa malikdir və yeni qanuna əsasən bu həftəsonu hakim partiya Baş nazirliyə onun namizədliyini irəli sürməlidir.

Azadlıq Radisonun məlumatına görə, bu dəyişiklik barədə qanun bir neçə il bundan əvvəl qəbul olunub və prezidentin səlahiyyətlərini azaltmaqla, Baş nazir postunun hakimiyyətinin gücləndirilməsini nəzərdə tutur.

Ermənistanda hakimiyyət sisteminə dair referendum 2015-ci ildə keçirilib. Ermənistanın bundan əvvəlki postsovet prezidentlərindən fərqli olaraq Armen Sarkisyan xalq səsverməsi ilə deyil, parlament səsverməsi ilə prezident seçilib.

Etirazçılar Serj Sarkisyanın Baş nazirliyə nominasiya ediləcəyi binanın qarşısına toplaşacaqlarını deyiblər.

Bu həftənin əvvəllərində parlamentin iki müxalif üzvü Serj Sarkisyanın Baş nazir olmasına qarşı etiraz aksiyalarının keçiriləcəyini bildirmişdi.

Aprelin 13-də Yerevanın Azadlıq meydanında minlərlə etirazçının qarşısında çıxış edən müxalifət lideri Nikol Paşinyan deyib ki, onlar “Serj Sarkisyanın Baş nazir ola bilməməsi üçün nə mümkündürsə edəcəklər”.

“Vətəndaş müqaviləsi” Partiyasının lideri bəyan edib ki, müxalifət “mühasirəyə alınası yerlərin hamısını mühasirəyə alacaq”.
Paşinyan bütün müxalifət partiyalarını Serj Sarkisyana qarşı birləşməyə çağırıb. O bildirib ki, onun öz partiyasının tərəfdarları bu gecə meydanda qalacaqlar.

Bundan əvvəl Paşinyan və tərəfdarları Yerevan Dövlət Universitetinə reyd edərək rektorla görüş tələb etmişdilər, lakin rektor öz kabinetinə qapanaraq görüşə gəlməyib.

Paşinyan öz çıxışında deyib ki, onun tərəfdarları bu gecə Fransa meydanını zəbt edəcəklər. Bununla da şəhərin mərkəzi hissəsi iflic halına gətiriləcək.

Ermənistan parlamentində yeni Baş nazirin seçilməsi aprelin 17-də baş tutacaq.

Aprelin 14-də hakim Respublika Partiyasının Serj Sarkisyanın Baş nazirliyə namizədliyini rəsmən elan edəcəyi gözlənilir.