BQXK Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla görüşüb

Dilqəm Əsgərov və Şahbaz Quliyev

''Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik''

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağda saxlanılan şəxslərlə görüşüb.

Məlumatı APA BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovaya istinadən yayıb. Bildirilir ki, qurumun nümayəndələri martın sonu və aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

“Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb.
Kəlbəcərə yaxınlarının məzarını ziyarətə getdiyini deyən Azərbaycan vətəndaşları ilə bağlı həmin ilin dekabrında tanınmamış “DQR”-də məhkəmə prosesi keçirilib.

2015-ci il yanvarın 30-da məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Hər iki Azərbaycan vətəndaşı Şuşa həbsxanasında saxlanılır.

Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə mümkündür.

Azərbaycanda isə iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.

Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.