''Karlar Cəmiyyəti''nin sədr müavininə 10 il həbs tələb olundu

Musa Tukanov

Növbəti prosesdə vəkil çıxış edəcək, sədr müavini son söz deyəcək

“Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənov yeddi aydır həbsdədir. O, əlillərin prokurorluğa şikayətindən sonra həbs olunub. Musa Tükanova qarşı CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında yazılıb ki, Musa Tükanov sədr müavini olduğu cəmiyyətə məxsus torpaq sahəsini ayrı-ayrı şəxslərə, tikinti şirkətlərinə satıb. İddiaya görə, təşkilatın sədr müavini bunun qarşılığında tikinti şirkətlərindən pul və mənzil alıb.

Lakin Musa Tükanov ittihamda yazılanlarla razılaşmır və özünü təqsirli bilmir. Deyir ki, yalandır, nə cəmiyyətə, əlillərə məxsus torpaqları satıb, nə də kimdənsə rüşvət alıb.

Musa Tükanovun haqqındakı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baxılır. Mayın 16-da bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək, təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə sübuta yetirildiyini bildirib və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə mayın 23-də davam edəcək. Musa Tükanovun vəkili çıxış edəcək, özü son sözünü deyəcək.

Musa Tukanov həm də Azərbaycan Vahid Kommunist Partiyasının parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Bu Partiya 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan iki yerə parçalanıb. Onlardan birinə Musa Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.