Azərbaycan ordusu yenə əsgər itirdi

Adil Tatarov

 

Adil Tatarovun xidmətini bitirməyinə 4 ay qalıbmış

Naxçıvanın N saylı hissəsinun əsgəri Adil Əli oğlu Tatarovun mayın 20-də Ermənistan ordusu ilə atışmada öldüyü bildirilir. A.Tatarov Ağstafa rayonunun Qıraq Kəsəmənli kənd sakinidir.

Məlumatı Meydan TV-yə kənd nümayəndəsi Nurəddin Yaqubəliyev təsdiqləyib.

O, Adil Tatarovun hərbi xidməti bitirməyə 4 ayı qaldığını deyib.

Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu vəfat edib. Ölənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir.