Elmira Axundova
Elmira Axundova

Deputat 250 min manatı niyə verib?

Həbib Axundov: "Bunu Elmira Axundovadan soruşun..."

Bir milyondan artıq dələduzluqla bağlı məhkəmədə deputat Elmira Axundovanın oğlu Həbib Axundov dindirilib. O, dostu Elnur İbrahimovun haqqındakı cinayət işi üzrə məhkəmədə sualları cavablandırıb.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunan E.İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə baxılır. Həbib Axundov zərərçəkmiş qismində dindirilib.

Lakin pulları mənimsənilən digər zərərçəkmişlər baş verənlərə görə H.Axundovu ittiham edirlər. Bildirirlər ki, təqsirləndirilən şəxslə deputat oğlu dost olub. Onları bu işə H.Axundov qoşub, pulların da bir qismini ona veriblər.

Avqustun 6-da keçirilən məhkəmədə zərərçəkmiş Fərman Məmmədovun vəkili Tahir Əlirzayev hakimlərə yazılı etiraz verib. Bildirib ki, məhkəmə obyektiv aparılmır, hərtəfəli araşdırmalara imkan verilmir, prosessual qanunvericiliyin tələbləri pozulur.

Etiraz baxılmamış saxlanılıb.

Daha sonra deputat oğlunun dindirməsi başlayıb. H.Axundov bildirib ki, zərərçəkən şəxslərin çoxunu tanımır. İddia edib ki, digər zərərçəkənlərin çoxu Fərman Məmmədov tərəfindən ələ alınaraq ondan şikayətçi olublar: “Zərərçəkən var, Şahin Məhərrəmov. Guya mənə pul verib. Mən heç onu tanımırdım. Bizim haqqımızda şikayət etdiyinə görə telefonla danışıb görüşdüm. Məlum oldu ki, heç Elnur İbrahimova da pul verməyib. Sadəcə, Fərman Məmmədov ona üç min manat verib ki, onlarla əlbir olsun, prezidentə, Milli Məclisə bizdən şikayət eləsin. Onunla ofisdə görüşdüm, video da var. Məndən üç min manat istədi ki, Fərmana borcumu qaytarım, əl çəksin. Mən də verdim və notarial qaydada sənəd aldım ki, mənə qarşı heç bir şikayəti yoxdir. Amma bir gün sonra notarusa gedib o sənədi ləğv elətdirdi, yenidən şikayətə başladı. Sonradan isə hər şeyi olduğu kimi etiraf edi. Videogörüntülərdə hamısı var. Deyirlər ki, guya mən onların pulu ilə “Porsche” almışam. Hamısı yalandır. Məndə 2012-ci ildən “Porsche” var”.

H.Axundov məhkəməyə disk təqdim edib. Hakim onu qəbul edib. Zərərçəkmiş F.Məmmədovun vəkili Tahir Əlirzayev buna etiraz edib. Xatırladıb ki, məhkəmə mənbəyini əsas gətirərək, F.Məmmədovun deputat Elmira Axundova ilə telefon danışığının yazısını qəbul eləməmişdi. İndi Həbibin verdiyi yazıların da mənbəyi məlum deyil. Necə olur, onu qəbul eləməyib, bu yazıları götürürlər?

Hakim bu məsələyə reaksiya verməyib.

H.Axundov bildirib ki, heç bir zərərçəkmişdən pul almayıb, özünün də Elnur İbrahimova verdiyi pulun miqdarı yadında deyil.

Ondan soruşulub ki, əgər o, kimsədən pul almamışdısa, bəs niyə Elmira Axundova Fərman Məmmədova 250 mini qaytarırdı? Bunu Elmira Axundova mətbuata müsahibəsində də təsdiqləyib, səs yazılarında da var.

“Bunu Elmira Axundovadan soruşun”, - deputatın oğlu anasıyla bağlı suala belə cavab verib.

Məhkəmə avqustun 9-da davam edəcək.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adıya aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu ələ keçirib.