''Arqument.az'' saytı qapadıla bilər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Saytın rəhbərliyinə xəbərdarlıq məktubu gəlib

“Arqument.az” saytı qapadıla bilər. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanovun imzası ilə saytın elektron poçtuna göndərilmiş məktubda məlumat verilir.

Bildirilir ki, “www.arqument.az” internet informasiya ehtiyatında dərc olunan “Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər”, “Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır” başlıqlı məqalələrdə böhtan, yalan və qərəzli ifadələrə yol verilib.

““Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu və 13-2.3.11-ci maddələrinə əsasən, böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir.

Bu səbəbdən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsinə uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar “www.arqument.az” internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır”.

Hüquqşünas Xalid Bağırov
Hüquqşünas Xalid Bağırov .

Vəkil Xalid Bağırov Meydan TV-yə deyib ki, ifadə azadlığına bu şəkildə müdaxilə yalnız məhkəmə qərarı ilə olmalıdır:

“Amma bu mərkəzin təklifi nə deməkdir, anlaşılmazdır. Əgər həmin yazılarda hüquqazidd məqamlar, yaxud informasiyalar varsa, məhkəməyə müraciət etsinlər. İkinci, bir məqaləyə görə sayta girişi yox, yazının özü bloklana bilər. Məsələn, terrora çağırış edən yazıya dövlət səssiz qala bilməz. Ancaq bu, yoxsa, istənilən halda ifadə azadlığına müdaxilə qeyri-proporsional olacaq”.

Xalid Ağalıyev
Xalid Ağalıyev.

Media mütəxəssisi, hüquqşünas Xalid Agaliyev də hesab edir ki, bu, biabırçı, media azadlığını ələ salmaq kimi bir işdir:

“Hər hansı ictimai önəmli məqalə eyni gündə onlarla, yüzlərlə resursda yayınlana bilir. Bu təcrübə isə o deməkdir ki, hökumət bir məqaləyə görə yüzlərlə resursa çıxışı əngəlləyə bilər. Hüquqi tərəfi də biabırçı olan təcrübədir - nazirlik axı, necə qərar verə bilər ki, yazıda böhtan var. Böhtan cinayət hüququ məsələsidir. Bunu məhkəməsiz heç kim müəyyən edə bilməz. Kimsə böhtana məruz qaldığını iddia etsə belə, buna yekun qiyməti yalnız məhkəmələr verə bilər”, - deyən X.Ağaliyev saytların ucdantutma blok edilməsinin Azərbaycanda media azadlığına sağalmaz yaralar vura biləcəyini düşünür.

X.Ağaliyev Azərbaycansayağı bloklamanın həm də Avropa Məhkəməsinin təcrübəsinə tamamilə zidd olduğunu ifadə edib:

“Avropa Məhkəməsinin təcrübəsi kifayət qədər aydındır. Məhkəmə yurisdiksiyasında olan ölkələrə deyir ki, bəli, blok edə bilərsiniz. Ancaq qanunazidd olan məzmunun özünə blok qoyula bilər. Əgər bir məqalədə, doğrudan da, qanunlar pozulubsa, həmin məqalə məhkəmə qaydasında blok edilə bilər. Bütünlüklə məqalənin yayıldığı resursa, dolayısı ilə milyonlarla xəbərə, araşdırmaya və sairə blok qoymaq yolverilməzdir”, - hüquqşunas deyib.