Əhsən Nuruzadə
Əhsən Nuruzadə

''Günahsızları həbsdə saxlayıb, adam öldürənləri buraxırlar''

Əhsən Nuruzadənin şikayəti təmin olunmadı

"Çox ədalətsiz qərardır. Ancaq mən elə bunu gözləyirdim. Mənim oğlum günahsızdır. Bunlar günahsızları həbsdə saxlayıb, adam öldürənləri buraxırlar", - həbsdə olan dindar fəal Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova avqustun 8-də oğlunun məhkəməsindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Avqustun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə "Müsəlman Birliyi" Hərəkatının fəalı Əhsən Nuruzadənin şikayətinə baxılıb.

Narkotik ittihamıyla həbs olunub, 7 il azadlıqdan məhrum edilən Ə.Nuruzadə təqsirsiz olduğunu, ictimai-siyasi fəaliyyətinə görə şərləndiyini bildirib.

Məhkəmədə Ə.Nuruzadənin vəkili Fariz Namazlı çıxış edərək, müvəkkili həbs olunarkən yol verilən prosessual pozuntuları sadalayıb. Bildirib ki, üzərinə baxış keçirilərkən Ə.Nuruzadə vəkillə təmin olunmalıydı, bunu etməyiblər. Onu Səməd Vurğun parkının yaxınlığında saxlayıb, qollarını qandallasalar da, üzərinə baxışı orada yox, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində keçiriblər. Həm Ə.Nuruzadə, həm də vəkili ehtimal edir ki, onun cibinə heroin parkın yaxınlığında saxlandıqdan sonra əlləri qandallanıb, tam polislərin nəzarəti altında olduğu vaxt atılıb:

"Sual meydana çıxır ki, Əhsən Nuruzadə polislərə müqavimət göstərməyib, əlləri qandallı olduğu halda, onun üzərinə baxış keçirilməsini niyə idarəyə saxlayıblar? Əhsən Nuruzadəyə qarşı ittihamı təsdiqləyən heç bir sübut yoxdur".

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin fəaliyyətindən danışarkən qeyd edib ki, o, “Müsəlman Birliyi” Hərəkatının üzvü olmaqla, həm də sosial şəbəkələrdə aktiv idi, dindarların məhkəmələrinə gəlib-gedir, orada baş verənləri yayırdı. Onun məhz bu fəaliyyətinə görə cəzalandırıldığı ehtimal olunur: "Görünür, onun ictimai aktivliyi, sosial şəbəkələrdə fəallığı kimlərinsə xoşuna gəlməyib".

Əhsən Nuruzadənin anası
Əhsən Nuruzadənin anası

Vəkil çıxışının sonunda Ə.Nuruzadəyə bəraət verilməsini xahiş edib.

Ə.Nuruzadə vəkilinin çıxışı ilə razılaşdığını bildirib. Dövlət ittihamçısı isə Ə.Nuruzadə haqqında hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş edib.

Mirpaşa Hüseynovun sədrliyilə, Həsən Əhmədov və Əflatun Qasımovdan ibarət hakimlər kollegiyası apelyasiya şikayətinin təmin olunmadığını elan edib.
Qərardan Ali Məhkəməyə şikayət veriləcək.

Z.Hüseynova məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Əhsənin azyaşlı qızları bu gün atalarının yolunu gözləyirdi: "Ancaq mən onlara deyirdim ki, gözləməyin, bala..."

Ə.Nuruzadə 2017-ci il oktyabrın 6-da həbs olunub. O, CM-nin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, gəzdirmə, saxlama) maddəsi ilə ittiham olunur.

Saxlanılarkən onun cibindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Ə.Nuruzadə ittihamı rədd edir, narkotikin cibinə polislərin özü tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə son həbsindən əvvəl iki dəfə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bir neçə gün harada saxlanması haqda ailəsinə xəbər verilməyib. Hər iki halda, küçədə söyüş söymə ittihamıyla, on gün inzibati həbs cəzası verilib.