''Çudo Peçka''-nın sahibinə 12 il iş verdilər

İş adamının əmlakı da müsadirə olundu

Bakıdakı “Çudo Peçka” mağazalar şəbəkəsinin həbsdə olan sahibi - "Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun məhkəməsi yekunlaşıb.

Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə ona hökm oxunub. Hökmə əsasən, Ç.Cəlilov 12 il azadlıqdan məhrum edilib. O, CM-nin 179 (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli hesab olunub. Həmçinin Ç.Cəlilovun əmlakları da müsadirə edilib.

Ç.Cəlilov “Bank Standard”ın İdarə Heyətinin sabiq sədri, hazırda isə axtarışda olan Kriman Səlim Eldaroviçlə birlikdə bankın 13 milyon 962 min manat vəsaitini mənimsəyib öz aralarında bölməkdə ittiham olunur.

Lakin Ç.Cəlilov ittihamı qəbul etmir, düşdüyü vəziyyətə görə də S.Krimanı günahlandırır. Bildirir ki. S.Kriman onu aldadıb, pulları da özü mənimsəyib. Ç.Cəlilovun sözlərinə görə, onun yaxınlarının adına rəsmiləşdirilmiş kreditlərin çoxu ona gəlib çatmayıb.

Ç.Cəlilov məhkəmədə bildirib ki, bankın gerçək sahibi keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev və yaxınları idi. İş adamı baş verənlərə görə həm də onları günahlandırıb.

Ç.Cəlilov prokurorun ona 13 il cəza istəməsindən sonra etdiyi çıxışda bunu "çox böyük ədalətsizlik" adlandırmışdı. Qeyd etmişdi ki, onun xidmətləri, 3000 nəfərə qədər adam üçün iş yeri açması və s. nəzərə alınmır: "Akif Çovdarova 12 il verirlər, heç bir günahım olmadığı halda, mənə 13 il istəyirlər. Budur sizin ədalətiniz?"

Ç.Cəlilov əmlaklarının müsadirəsi ilə bağlı prokurorun təklifinə də etiraz etmişdi. Onun özünün və yaxınlarının adına olan 7 milyon 300 min manatlıq əmlakın üzərinə həbs qoyulub.

Ç.Cəlilovla yanaşı, S.Kriman da 2016-cı il sentyabrın 28-də təqsirləndirilən şəxs qismində cəlb olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixli qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib və “İnterpol” xətti ilə axtarışa verilib. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda ittiham olunur.

Ç.Cəlilov müğənni Röya Ayxanın keçmiş qayınatasıdır.