Tikintidə qanun pozuntusuna yol verən rayonların adları açıqlanıb

foto Azərtac

''Ən çox cinayət işi Xətai və Yasamal rayonlarındandır''

“İcazə sənədi olmadan tikinti işlərinə başlamaq olmaz. Bəzi hallarda bu sənəd olmadan tikinti işləri həyata keçirilir. Sahibkarlar işlərini qanun çərçivəsində qurmalıdırlar”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə imzaladığı mərasimdə belə açıqlama verib.

Komitə sədri deyib ki, qanunsuz tikililərlə bağlı monitorinqlər həyata keçirirlər. Samir Nuriyev “bəzi sahibkarlar tərəfindən sui-istifadə hallarına yol verilir” söyləsə də, konkret ad çəkməyib. Əlavə edib ki, bununla bağlı səlahiyyətləri çərçivəsində addımlar atır və aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edirlər.

Komitə sədri sahibkarlara müraciət edərək tikinti zamanı müvafiq dövlət qurumundan icazə alınmasının vacibliyini vurğulayıb.

Ondan fərqli olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ən çox qanun pozuntusuna yol verən rayon adlarını açıqlayıb. Kamran Əliyev cinayət işlərinin ən çox Xətai və Yasamal rayonları ilə bağlı olduğunu bildirib:

“Digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır”.

Kamran Əliyevin sözlərinə görə, bu sahə ilə bağlı 6 il ərzində məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslər 89 nəfər olub:

“Bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub. Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.

K.Əliyev bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir:

“Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365 manat, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824 manat, üzərinə həbs qoyulan əmlakın dəyəri isə 6 milyon 12 min 367 manatdır".