''Beynəlxalq bankın səhm paketinə ciddi investorlar yiyələnsə, effekt olar''

Qadir İbrahimli: ''Bazara avropalı oyunçunun daxil olması bank sektorumuzun inkişafına xidmət edər''


Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə sentyabrın 6-da aidiyyəti qurumların iştirakı ilə iclas keçirib.

İclasda Azərbaycan Beynəlxalq Bankının dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı prezident fərmanının icrası üzrə konkret tapşırıqlar verilib.

Bir gün sonra maliyyə naziri Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var:

“Bankın özəlləşdirilməsinə ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

Bütün bunları nəzərə alan iqtisadçı Qadir İbrahimli hökumətin Beynəlxalq Bankın özəlləşdirilməsi istiqamətində yeni addımlar atdığını bildirib.

İqtisadçı deyib ki, bankın aktivləri 9 milyard manat həddində qiymətləndirilir və bank sisteminin 32-33 faizinə nəzarət edir:

“Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin korrupsiya maraqları, konkret desək, bankın pullarını mənimsəməsi səbəbindən bank müflisləşmə həddinə gəldi, yalnız dövlətin müdaxiləsi sayəsində böhrandan xilas ola bildi. Dövlət bankın xarici borclarını öz üzərinə götürdü, daxili borcların həlli isə Mərkəzi Banka “tapşırıldı”.
Borclar isə kifayət qədər çox idi - 3 milyard dollardan çox (5 milyard manatdan çox) xarici borc. Eyni zamanda 10 milyard manat dəyərində qiymətləndirilən bankın toksit aktivləri isə dövlətin zəmanəti əsasında Mərkəzi Bankın vəsaiti hesabına “Aqrarkredit” QSC-yə ötürüldü”.

O qeyd edib ki, burada ümumilikdə 15 milyard manatdan (9 milyard dollara yaxın) söhbət gedir ki, bu da dövlət büdcəsi xərclərinin (23 milyard manat) 65 faizi deməkdir.

“Təbii ki, istənilən qiymətə özəlləşdirmə bu məbləği dövlət büdcəsinə geri qaytarmayacaq – Beynəlxalq Bankın səhmlərinə iddia edən investor köhnə rəhbərliyin oğurladıqlarına görə təzminat ödəmək öhdəliyi yoxdur və ola da bilməz. Dövlət özəlləşdirmədən yalnız o effekti əldə edə bilər ki, proses şəffaf aparılsın və bankın səhm paketinə ciddi investorlar yiyələnsin. Çünki zəifləməsinə baxmayaraq Beynəlxalq Bank yenə də ölkənin ən nəhəng bankı olaraq qalır və onun çöküşü bank sistemi üçün ağır fəsadlara səbəb ola bilər”.

Qadir İbrahimli
Qadir İbrahimli.

Qadir İbrahimli maliyyə nazirinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Beynəlxalq Banka maraq göstərdiyini xatırladıb:

“Maliyyə nazirinin adını açıqladığı ilk iddiaçı bizim tələblərimizə və arzularımıza cavab verir. Təbii ki, hər bir şəxs sistem əhəmiyyətli bankın məhz belə bir ciddi maliyyə qurumu-investor tərəfindən alınmasını və nəhayət dövlət büdcəsinin bu yükdən də xilas olmasını dəstəkləməlidir”.

İqtisadçı xatırladıb ki, EBRD-nin bu sahədə böyük təcrübəsi var, Rumıniya, Bolqarıstan və digər ölkələrdə bank özəlləşdirilməsində analoji fəaliyyətləri olub.

“Digər tərəfdən, Azərbaycanın bank bazarına yeni avropalı oyunçunun daxil olması həm də faktiki olaraq fəaliyyətləri “exchange” və lombardla məhdudlaşan bank sektorumuzun inkişafına da xidmət edər, ölkəyə yeni innovativ xidmətlər, mobil bankçılıq, distant bank xidmətləri kimi ən son yeniliklər gətirilər”.

O deyib ki, Mərkəzi Bank sədrinin hətta iqtisadçıların belə anlamaqda çətinlik çəkdiyi açıqlamalarına rəğmən bank sistemi müştərilərinə modern xidmətlər təklif edə bilmir.

“EBRD tipli investorların gəlişi modern xidmətlərin tətbiqini stimullaşdıra bilər”.

Beynəlxalq Bankın rəhbərliyi 2015-ci ildə vəsaitlərin talanması ilə bağlı həbsə alınıb. C.Hacıyev və daha 7 nəfər bank məsulu mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətindən sui-istifadə kimi cinayətlərdə ittiham olunublar. C.Hacıyev 15, digərləri isə 11-13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Maliyyə qurumlarının rəhbərləri hələ 2017-ci ilin əvvəlində bildirirdilər ki, ilin sonuna qədər bank özəlləşməyə hazır olacaq.