Müğənni Könül Kərimova məhkəmədə dindirildi

Könül Kərimova

Oğlunu qanunsuz yolla İqtisad Universitetinə köçürmək istəyib...

Müğənni Könül Kərimova sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, dələduzluqla bağlı cinayət işi üzrə ifadə verib. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilən Məlahət Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiyada universitetlərdən birinə düzəldib, sonra da Azərbaycan Dövlət İqtisad Universitetinə köçürmək üçün ondan pul alıb aldatmaqda ittiham olunur.

K.Kərimova bildirib ki, ümumilikdə 32 min manat pul verib, onun 11 min manatı qaytarılıb.

Təqsirləndirilən Məlahət Məmmədova cavabında deyib ki, əməkdar artistdən aldığı pulun 12 min 500 manatını onun oğlunun Rusiyadakı təhsilinə xərcləyib. Qalanını da qaytarıb. Dediyinə görə, K.Kərimovadan aldığı pulun 15 min manatını Təhsil Nazirliyinin əməkdaşına verib, lakin həmin adam yoxa çıxıb. Ona görə müğənninin pulunu öz cibindən qaytarıb: "Sonradan bildim ki, həmin adam dələduzluğa görə həbs olunub".

Müğənni onun yalan danışdığını söyləyib: "Məlahət xanım, artistlik etməyin. Oğlumun Rusiyada təhsil xərclərini özüm ödəmişəm".

Hakimlər K.Kərimovaya oğlunu qanunsuz yollarla universitetə qəbul etdirmək cəhdlərinə görə irad bildiriblər.