Növbəti ilin dövlət büdcəsi parlamentə təqdim edilib

Milli Məclisin komitə iclası

Neftin qiyməti büdcədə 60 dollardan hesablanıb

2019-ci il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub.

Məlumatı Meydan TV-yə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitəsinin üzvü, deputat Vahid Əhmədov verib.

Layihənin hələlik deputatlara paylanmadığını deyən Vahid Əhmədov 2019-cu ilin dövlət büdcəsinin ümumi parametrlərini açıqlayıb.

Deputat deyib ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır.

Vahid Əhmədov başa çatmaqda olan 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsinin təxminən 3 milyard manat artırıldığını qeyd edib.

Onun sözlərinə görə, büdcədə neftin 1 barrelinə görə 60 dollar nəzərdə tutulub.

2018-ci ilin dövlət büdcəsində neftin qiyməti ilkin olaraq 45 dollar götürülsə də, sonradan may ayında büdcəyə düzəlişlər edilərək 55 dollara qədər artırılıb.