Hakim istefa ərizəsi yazıb

Aytən Mirzəzadə
Aytən Mirzəzadə

Hakimin ərizəsinə Məhkəmə Hüquq Şurasında baxılacaq

Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə istefa verib.

Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına (MHŞ) ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.

Məlumat sosial şəbəkələrdə yayılıb.

Hakimin ərizəsinə MHŞ-nin növbəti iclasında baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək. Digər xəbərə görə, hakimin barəsində intizam icraatı olduğundan bu addımı atıb.

37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.