''Fərman Ceyranlı ilə bağlı qərar prezident seçkilərindən sonra verilə bilər''

Fərman Ceyranlı

Həbsdə olan həkimlə bağlı Gürcüstan Apelyasiya Məhkəməsinin iclası təxirə salınıb

Gürcüstanda həbsdə olan cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının oktyabrın 23-nə təyin edilmiş məhkəməsi yenidən təxirə salınıb.

Məhkəmədə onun barəsində qərarın elan ediləcəyi gözlənilirdi.

Məhkəmə qərarının bu ilin iyul ayında verilməsi gözlənilirdi. Lakin o zaman da, proses təxirə salınmışdı. 

Cərrahın qızı Lalə Hüseynli “Turan” agentliyinə deyib ki, Gürcüstan Apelyasiya Məhkəməsinin iclası baş tutmayıb:

“İclasın təxirə salınması onlara hakimlərin ezamiyyətdə olması ilə izah edilib”.

Ancaq onlar özləri məhkəmənin təxirə salınmasını başqa səbəblərlə izah edir.

Lalə Hüseynli deyib ki, məhkəmənin Gürcüstandakı növbəti prezident seçkisindən sonra başa çatacağını düşünür.

“Hakimlərin ezamiyyətdə olduğunu bildirdilər. Ancaq bilirik ki, seçkilərə görədir. Seçki oktyabrın sonunda olacaq. Yəqin ki, seçkidən sonra qərarı elan edəcəklər”.

L.Hüseynli vəkillərinin həbsdəki cərrahla görüşdüyünü, durumunun normal olduğunu bildirib.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı ötən il mayın 22-də həbs edilib.

Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

Fərman Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

Cərrahın bu açıqlamasına nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə, həbs edildiyini deməsinin heç bir əsası yoxdur.