''Amnesty İnternational'' Azərbaycan hakimiyyətini pisləyib

''Hakimiyyət dinc toplaşmaq azadlığı hüququna zəmanət verməlidir''

Beynəlxalq hüquq müdafiə təşkilatı olan “Amnesty İnternational” noyabrın 17-də Bakıda dinc aksiya iştirakçılarının həbsinə və onların hüquqlarının pozulmasına görə Azərbaycan hakimiyyətinin əməllərini pisləyib.

“Turan” agentliyinin məlumatına görə, təşkilatın 20 noyabr tarixli bəyanatında deyilir ki, noyabrın 17-də Bakıda dinc yürüş həyata keçirən müxalifət liderlərinin və fəallarının saxlanılması dinc toplaşmaq azadlığı hüququnun pozulmasıdır.

“Azərbaycan polisi məşhur müxalifət liderlərini və fəallarını hakimiyyətin “icazəsiz nümayiş adlandırdığı” aksiyanı təşkil etmək cəhdinə görə saxlayıb. Polis Şəhidlər Xiyabanına - Azərbaycanın müstəqilliyi uğrunda və Dağlıq Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş milli abidəyə çiçək qoymağa çalışan insanları saxlamağa başlayıb”.

Təşkilat qeyd edib ki, Azərbaycan Konstitusiyası dinc toplaşmaq azadlığı hüququna zəmanər verir, amma digər qanunvericilik aktları ictimai yığıncaqları sərt şəkildə tənzimləyir, yerli icra hakimiyyətləri, xüsusən də paytaxt Bakıda çox vaxt müxalifət tərəfindən təşkil edilmiş dinc nümayişlərə icazə verməkdən imtina edir.

“Polis çox vaxt dinc nümayişləri dağıtmaq üçün hədsiz güc tətbiq edir. Azərbaycan hakimiyyəti Azərbaycan Konstitusiyasında və Azərbaycanın ratifikasiya etdiyi insan hüquqları üzrə beynəlxalq müqavilələrdə tanınmış dinc toplaşmaq azadlığı hüququna zəmanət verməlidir”.

Təşkilatın bəyanatında bildirilir ki, hakimiyyət dinc toplaşmaq azadlığı hüququnu həyata keçirmək cəhdinə görə həbs edilmiş fəalları dərhal azad etməlidir.

“Uzun illər ərzində “Amnesty İnternational” Azərbaycanda insan hüquqlarının pozulduğunu bildirib. Fikri ifadə etmək azadlığı, birləşmək və dinc toplaşmaq azadlığı hüquqları ciddi şəkildə məhdudlaşdırılıb və bir çox jurnalistlər, hüquq müdafiəçiləri və bu hüquqlarından istifadə etmək istəyən digər fəallar təqiblərə, uydurma ittihamlara və ədalətsiz məhkəmə təhqiqatlarından sonra həbsə məruz qalıb.

Azərbaycan hüquq müdafiəçilərinin sözlərinə görə, 2017-ci ildə siyasi motivli ittihamlarla həbs edilən 100-dən çox insan həbsdə qalmaqdadır və onların sayı artmaqda davam edir.

Bu təcrübə bütün vətəndaş cəmiyyətinə güclü təsir göstərir, qorxu və özünüsenzura mühiti yaradır. Tənqidçilərin həbsləri və siyasi motivli məhkəmə təqibləri davam etdiyinə görə, Azərbaycan qapalı qapılar arxasında baş verən bir çox pozuntularla insan hüquqlarına riayət olunmasına nəzarət üçün bağlı olaraq qalır.

İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin, o cümlədən Amnesty İnternationalın əvvəlki kimi ölkəyə girişinə icazə verilmir”, deyə bəyanatda bildirilir.
Demokratik Qüvvələrin Milli Şurası və AXCP üzvləri noyabrın 17-də Azərbaycanda 1988-ci ildə başlayan etiraz aksiyalarının 30 illiyini qeyd etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmək istəyiblər. Polis ziyarət edənlərin qarşısını kəsərək, onları icazəsiz aksiya təşkil etməkdə günahlandırıb.

Bakı Baş Polis İdarəsinin məlumatına görə, 52 nəfər saxlanılıb və sonradan onlardan 41-i sərbəst buraxılımıb. 11 nəfər, o cümlədən AXCP sədri Əli Kərimli polisdə saxlanılaraq, noyabrın 19-da məhkəmə qarşısına çıxarılıblar.

Əli Kərimli 2500 manat, 7 nəfər fəal isə 400 manatdan 500 manata qədər cərimə ediliblər. Saxlanılan digər üç nəfərə isə 20 sutka inzibati həbs verilib.