Dövlət Neft Fondu dollar satışının həcmini artırıb

Dövlət Neft Fondu

Natiq Cəfərli: ''Manatın məzənnəsinin saxlanılması üçün dollar istifadə edilir''

Dövlət Neft Fondu 2018-ci ildə Mərkəzi Bankın valyuta hərracları vasitəsilə 6 milyard 640,4 milyon dollar satıb.

“Turan” agentliyinin məlumatına görə, 2017-ci ilə nisbətdə Dövlət Neft Fondu ABŞ valyutasının satışını 2 milyard 862,3 milyon dollar və ya 79,5 faiz artırıb.

2018-ci ildə valyuta hərraclarında dolların məzənnəsi 1,7000 manat olub.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə valyuta satışının artmasının səbəblərin çox olduğunu söyləsə də, bir neçəsinin üzərində dayandı.

Onun fikrincə, ötən il 2017-ci ilə nisbətən ölkədə təqribən 37 faizə yaxın idxal artıb, yəni valyuta çox çıxdığı üçün idxal artıb.

“Ölkədə bu, dolayısı ilə yerli istehsalın nə qədər zəif olduğunu, qeyri-neft sektoru ilə bağlı qarşıya qoyulan planların həyata keçirilməsinin mümkünsüzlüyünü göstərdi”.

Digər bir səbəb kimi, o, 2018-ci ildə dövlət büdcəsi hesabına maliyyələşən layihələrin sayı artdığını və bunların gerçəkləşməsi zamanı korrupsiya faktlarını nəzərə alınaraq, ayrılan vəsaitin bir qismi mənimsənildiyini və dollara çevrildiyini göstərib.

“Nəticədə dollara təlabat artır. Digər səbəb xaricə gedən azərbaycanlıların sayında 10 faiz artımla bağlıdır. Xaricə gedən vətəndaşlar daha çox dollardan istifadə etdikləri üçün valyutaya təlabat artdı”.

Natiq Cəfərli
Natiq Cəfərli

Başqa bir məqam kimi Natiq Cəfərli yay aylarında qonşu ölkələrdə, Türkiyə, İran və Rusiyada ciddi devalvasiyaların olmasını və bunun Azərbaycan biznes çevrələrində, banklarda panika yaratdığını bildirib.

“İnsanlar əllərindəki manatı dollara çevirdilər ki, vəsaitlərini qoruya bilsinlər. Bütün bu səbəbləri götürdükdə ötən il valyutaya təlabatın niyə artdığı məlum olar”.
İqtisadçı manatın saxlanılması üçün də dolların xərclənməsi amilinə də toxundu:

“Dövlət Neft Fondu büdcənin əsas donoru olduğundan bu amilin birbaşa əlaqəsi yoxdur. Büdcənin də ötən il 2017-ci ilə nisbətən artımı daha çox valyutanın fonddan götürülməsinə səbəb oldu. Ancaq dolayısı ilə manatın məzənnəsinin saxlanılması üçün dollar istifadə edilir. Azərbaycanda həftədə iki dəfə hərrac keçirilib məzənnə müəyyənləşdirilir, orada satılanlar da elə fondun vəsaitləridir. Bu baxımdan inzibati qaydada məzənnəni saxlamaq üçün fondun vəsaitlərindən istifadə olundu”.