Torontoda da Mehman Hüseynova dəstək aksiyası oldu

Aksiyaçılar siyasi məqsədlə həbs edilənlərə azadlıq istəyiblər

Yanvarın 11-də Kanadada yaşayan azərbaycanlılar Toronto şəhərində bloger Mehman Hüseynova dəstək aksiyası keçiriblər. Aksiyaçılar Mehman Huseynovla bərabər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər şəxslərə də azadliq tələb ediblər.

Mehman Hüseynova dəstək məqsədi xarici ölkələrdə aksiya təşkil olunur.

Mehman Hüseynova qarşı təkrar cinayət işi açılıb. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.