''Virusa yoluxan uşaqlar evə buraxılıb''

Baş həkim: ''İyunun 13-dən ''Rotavirus''a yoluxma ilə müraciət edən olmayıb''

““Rotavirus”a yoluxan daha 5 uşaq iyunun 15-də evə buraxılıb. Hesablamalarımıza görə, iyunun 16-17-si indi müalicə alan 12 uşaq da evə buraxılmalıdır”, - jurnalistlərə açıqlamasında Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bildirib.

Baş həkim qalan xəstələrin “Rotavirus”dan müalicə almadıqlarını da söyləyib: 

“Onlar “Rotavirus”la daxil olublar, ancaq sonradan məlum olub ki, qanazlıqları da var. İndi bundan müalicə olunurlar”.

Baş həkim vurğulayıb ki, iyunun 13-ü axşamdan “Rotavirus”a yoluxma ilə bağlı xəstəxanaya müraciət edən olmayıb:

“Bu mənada demək olar ki, proses başa çatıb. Dediyim kimi, qalan uşaqlar da tezliklə evə buraxılacaqlar”.

Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, Sumqayıtda zəhərlənən uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkarlanıb. 

“Rotavirus” özünü qızdırma, qusma ilə büruzə verir. Bu simptomlar 48 saatdan az davam edir. Qusma, ishal südəmər uşaqlarda bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir.

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib. Sonradan bəlli olub ki, bəzi zəhərlənən uşaqlar evdə müalicə olunublar.

Səhiyyə Nazirliyi və valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq “Azərsu” ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib.

“Suya hər hansı çirkli axıntı qarışmayıb. Sadəcə hər il tərkibinə qatılan xlortərkibli dərmanı bu il almadılar”, - Meydan TV-yə “Azərsu” ASC-də məsul vəzifədə çalışan, işini itirməmək üçün adının açıqlanmasını istəməyən mənbə belə demişdi. 

Onun deməsinə görə, mikrobların öldürülməsi üçün suyun tərkibinə vurulan dərman hər il xaricdən alınırmış. Bu il alınmayıb. Səbəb kimi də büdcədə pulun olmaması göstərilib:

““Ceyranbatan Su Anbarı” hər il həmin dərmanlarla təmizlənirdi. Bu il dərman alınmadı, dedilər: “Pul yoxdur”. Tapşırdılar ki, su istifadəyə belə verilsin. Nəticədə əhaliyə tərkibi təmizlənməyən su verildi. Axırı da belə oldu. Uşaqların orqanizmi daha həssas olduğundan infeksiya onlarda biruzə verib”.

x

YAZARIN DİGƏR YAZILARI