Vahid Məhərrəmov: ''Heyvandarlıq kritik duruma salınıb''

Vahid Məhərrəmov

''İndiki halda otun qiymətinin kəskin bahalaşması bu sahədə daha ciddi problemlərin olacağından xəbər verir''

"Son illərdə örüş, təbii biçənək sahələri 150 min hektardan çox azaldılıb”.

Bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir. Bu barədə öz “Facebook” səhifəsində yazan ekspertin sözlərinə görə, buna səbəb hakimiyyətin səriştəsizliyidir:

“Son zamanlar təbii biçənək, örüş ərazilərinin və yem bitkiləri sahələrinin azaldılması hesabına pambıqçılığı, baramaçılığı, tütünçülüyü inkişaf etdirmək yolu seçmiş hakimiyyət nəinki bu sahələrdə irəlləyiş əldə edə bildi, əksinə, ölkənin ərzaq təhlükəsizliyinin təminatında çox əhəmiyyətli sahə olan heyvandarlığı çıxılmaz, kritik duruma saldı. Bu da öz növbəsində heyvandarlıq məhsullarının istehsalının kəskin azalmasına və ət, süd məhsullarının idxalının ciddi artımına səbəb olub. Belə ki, 2013-cü ildə ölkəyə 15,1 milyon dollar dəyərində ət və ət məhsulları idxal olmuşdusa, 2016-cı ildə bu göstərici 2,5 dəfə artaraq 38, 6 milyon dollar təşkil edib. Üç il əvvəl, 2013-cı ildə ölkəyə 64 milyon dollar dəyərində süd və süd məhsulları idxal olunduğu halda, keçən il bu rəqəm 93, 1 milyon dollara qədər artıb”.

V.Məhərrəmov Dövlət Gömrük Kömitəsinin məlumatına əsasən müqayisə aparıb: “Bu ilin 5 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2 dəfə, kəsim üçün diri heyvan idxalı 45 faiz, süd 77 faiz, heyvan mənşəli məhsulların idxalı isə 2, 2 dəfə artıb. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, son günlər otun qiyməti 2,5 dəfə bahalaşıb. İndiki halda otun qiymətinin kəskin bahalaşması bu sahədə daha ciddi problemlərin olacağından xəbər verir. Yaxın günlərdə heyvandarlıq məhsullarının istehsal xərcinin kəskin artması istehsalın ciddi azalmasına və əldə olunan malın, məhsulun qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, yaranmış vəziyyətdən bu məhsullar üzrə istehsalda və idxalda inhisarçı mövqe tutan oliqarx-məmurlar faydalanacaq”.

x

YAZARIN DİGƏR YAZILARI