foto report.az

''Borca görə həbslərin sonu yaxındır''

Avropada ilk - İnsan Haqları Məhkəməsi Azərbaycanda banka borcu olanların həbsi ilə bağlı məsələyə baxır  

Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

AMB-nin açıqladığı statistikaya görə, avqustda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,49, xarici valyuta ilə 3,57 faiz olub:

“İyul ayı ilə müqayisədə avqustda manatla depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,66 faiz artıb. Xarici valyutada depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,08 faiz azalıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 8,55 faizdən 9,49 faizədək yüksəlib. Xarici valyutada isə 4,97 faizdən 3,57 faizə enib”.

Açıqlamada deyilir ki, avqustda hüquqi şəxslərin manatla depozitləri ortalama 4,84, xarici valyutada isə 2,78 faiz olub.

“Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərinin orta faizi 11,72, xarici valyutada isə 4,20 faiz olub. Kreditlər üzrə orta faiz dərəcəsi manatla 13, xarici valyuta ilə 10,62 faiz olub”.

Hesabatda o da deyilir ki, avqustda ötən ayla müqayisədə manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62 faiz artıb:

“Manatla kreditlərdə orta faiz illik 12,28 faizdən 13 faizə, xarici valyutada 10,21 faizdən 10,62 faizə yüksəlib. Fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,10, xarici valyutada 16,25 faiz olub”.

Bəlkə də kreditlərin faiz dərəcəsi çox olduğu üçün son dövrlər borca görə həbslər artıb. Xüsusən də manatın bir neçə dəfə devalvasiyasaı insanların borc qaytarma qabiliyyətini aşağı salıb.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, borca görə həbslərin sonu yaxındır. O, bununla bağlı Avropa İnsan Haqqları Məhkəməsinə üç şikayət göndərib:

“Məhkəmə şikayətlərlə bağlı kommunikasiyaya başlayıb. Cavab üçün hökumətə yanvarın 16-dək vaxt verilib. Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul edib”.

Əkrəm Həsənov
Əkrəm Həsənov.

Ə.Həsənov deyir ki, formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəyə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər:

“Amma bu zaman səbəbin niyə üzrsüz olduğunu hakimlərimiz əsaslandırmır. Faktiki olaraq əmlakı olmayan işsiz şəxsləri həbs edirlər. Başqa sözlə, “Keçəl Həsən, ya Həsən keçəl?!” məsəlidir! Vətəndaşı elə məhz borcunu ödəyə bilmədiyinə görə həbs edirlər. 

Ötən ilin martında elan etmişdim ki, rəhbəri olduğum “Antikollektor” şirkəti borca görə həbs olunan vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək. Hüquqi yardıma Avropa Məhkəməsinə şikayət də daxildir. Bundan sonra həbslərin sayı kəskin azaldı. Amma yenə də var. Bizə bununla bağlı vaxtında yalnız dörd vətəndaş müraciət etdi və onların üçünüm işi üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim. Bu, “Rabitəbank”a borcu olan Vahid Kərimov, “Unibank”a borcu olan Mübariz Bayramov və digər vətəndaşa borcu olan Mahir Abbasovdur.

Şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 4-cü Protokolunun 1-ci maddəsinin (“Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”) pozulduğunu iddia edirəm. Ötən həftə Avropa Məhkəməsindən məktub almışam. Məktubda bildirilir ki, bu üç şikayət faktiki bir icraatda birləşdirilib. Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm”.

Hüquqşünas bildirir ki, artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək. Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həsb etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq:

“Onu da deməliyəm ki, Avropa Məhkəməsinin indiyədək Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin (“Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) pozulması ilə bağlı heç bir qərarı olmayıb. Təəssüf ki, birinci olacağıq! Vicdansız hakimlərimiz və icra məmurlarımızın, onlara təzyiq edən banklarımızın sayəsində! Ümid edirəm ki, heç olmasa bu xəbərdən sonra borca görə həbslərə son qoyulacaq! Ən əsası isə həbslə hədələmə halları da tariximizin şərəfsiz səhifəsinə çevriləcək. Hər bir halda Avropa Məhkəməsi öz sözünü deyəndən sonra bu şərəfsizliyin kökü kəsiləcək! Çox az qalıb! Hələlik isə həmvətənlərimi təmkinli olmağa, borca görə sui-qəsd və sair əməllərə əl atmamağa çağırır, ən əsası isə mübariz olmağa dəvət edirəm! Haqlarınızı bilin! Sizi borca görə heç kəs həbs edə bilməz! Etsələr, sonadək mübarizə aparın! Biz də sizə həmişə dəstək olacağıq!”

x

YAZARIN DİGƏR YAZILARI