Mikayıl Cabbarov

Yeni imtahan qaydaları tətbiq olunacaq

Nabatali Qulamov: ''Nazirin yeni qaydaların təhsilin inkişafına ciddi təsir edəcəyi fikrini bölüşmürəm''

Nadir İsrafilov: ''Bu məsələdə vəziyyəti həddən artıq dramatikləşdirməyə lüzum görmürəm''

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilən müşavirədə təhsil naziri Mikyaıl Cabbarov yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanlarının yeni qaydalarına toxunub.

Nazir deyib ki, iki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsil alanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

“Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək”.

Nazirin fikirlərini Meydan TV-yə şərh edən təhsil üzrə ekspert Nabatali Qulamov yeni bir şey görmədiyini bildirib:

“Əvvəllər ancaq ali məktəbə toplanan ballar hesabına abituriyent qəbul olunurdusa, indi imtahan iki mərhələdə keçiriləcək - buraxılış və qəbul. Hər iki imtahanı Dövlət İmtahan Mərkəzi keçirdiyi üçün etibarlığa inanırlar və hesab edirlər ki, bunların nəticəsində toplanan ballar əsas götürüləcək”.

Nabatəli Qulamov
Nabatəli Qulamov.

N.Qulamov deyib ki, buraxılış imtahanı şagirdin ümumi dünyagörüşünü monitorinq edirsə, qəbul imtahanının nəticələri isə abituriyentin konkret ixtisas üzrə biliyini yoxlayır. Bunların ikisindən simbioz qəbul prosesi hazırlayıblar, rasionallıq var. Ancaq nazir Cabbarovun bunu təhsilin inkişafına ciddi təsir edəcəyini söyləməsi fikrini bölüşmürəm. Təhsilin inkişafı üçün yeganə meyar islahatdır ki, o da Azərbaycanda yoxdur. Kosmetik işlərlə təhsildə islahat aparmaq olmaz. Təhsil islahatı o zaman olur ki, təhsil sektorları arasında ciddi inteqrasiya başlayır. Rəqabət olmayan yerdə islahatdan və onun inkişafından da danışmağa dəyməz”.

Onun həmkarı Nadir İsrafilov xatırlatdı ki, sentyabrın 20-də Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasındakı görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli üzrə yekun razılıq əldə edilib. 

Düzdür, kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərinin konkret olaraq nədən ibarət olmasına bir müddət öncə DİM sədri Məleykə Abbasadə son açıqlamasında da lazımı qədər aydınlıq gətirsə belə, iki ildən sonra tətbiq olunacaq yeni modelə ictimai münasibət heç də birmənalı olmayıb, müxtəlif iradlar, mülahizələr, rəylər, təklıflər səsləndirilib ki, bunu da təbii qəbul etmək lazımdır.

“Bununla belə bu məsələdə vəziyyəti həddən artıq dramatikləşdirməyə lüzum görmürəm. Yəni 2019-cu ildə də buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq, buraxılış imtahanının formatı necə olubsa, yenə həmin format nəzərdə tutulub. Sadəcə olaraq yeni modelə əsasən buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələcək ki, bu da ümumi nəticə əldə olunmasına xidmət edəcək. 

Nadir İsrafilov
Nadir İsrafilov. Fotoqraf:: Meydan TV

Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Göründüyü kimi imtahan prosesinə belə bir yanaşmada nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa ehtiyac qalmır. Əksinə, belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. Nazirin “əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək” fikrinə gəlincə, bəli, təhsil təkcə bilikdən ibarət deyi. Bacarıq və vərdişləri qiymətləndirmək üçün isə testin imkanları məhduddur. Açıq testləri cavablandırmaqda məktəblilər müəyyən çətinliklərlə üzləşirlər. Bunula belə artıq bu istiqamətdə müəyyən işlər aparılıb, 9-cuların imtahanlarına esse daxil edilib, imtahanlarda açıq testlərin xüsusi çəkisi artırılıb və təbii ki, qarşıdaki iki ildə də yeni modelə hazırlıq istiqamətində lazımi addımlar atılacaqdır”.

N.İsrafilovun qənaətincə, belə bir təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyada və Türkiyədə neçə ildən artıq bir müddətdir ki, uğurla tətbiq olunur:

“Hesab edirəm ki, imtahanlara əvvəlki yanaşmaya nisbətən daha sadə, optimal və məqbul hesab ediləcək bu modelə keçilməsində biz hələ müəyyən qədər ləngimişik. Belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Bu isə öz növbəsində həm də məzunlarımızın fiziki və psixoloji yükünü və deməli gərginliyini xeyli azaltmış olar. Əlbəttə tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar var ki, bunlara da gedişat prosesində müəyyən korrektələrin edilməsi istisna olunmur. Hər halda tam və təkmil olmasa belə əvvəlki format ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir. Bu baxımdan nazirin son çıxışındaki fikirlərlə razılaşmamaq olmur”.

x

YAZARIN DİGƏR YAZILARI