Poylular: Kəndin gələcəyinə ümid yoxdur

Kəndlilər deyir, azca da belə davam etsə, heyvanlarını satıb, qapılarına qıfıl vurub paytaxta köçəcəklər

“Heyvandarlıqla, əkinçiliklə məşğul ola bilmirik. Su olmadığı üçün əkinçiliyin başını buraxmışıq. Dövlət tərəfindən vurulan artezian quyuları isə əkin sahələrinə çevrilmiş əvvəlki örüş sahələrində vurulur. Bir tərəfdən heyvanları otarmağa yer tapmırıq, bir tərəfdən də sahələri əkib məhsul götürə bilmirik”.

Ağstafanın Poylu kəndinin sakinləri Meydan TV-yə torpaqlarının zəbt edilməsindən danışırlar. Kənd sakinlərinin sadaladıqları problemlər bir müddətdir ki, işıqlandırılır.

Lakin hələ də həllini tapmadığı üçün kəndlilər yenə Meydan TV-yə üz tutublar. Onların iddiasına görə, ümumi örüş sahəsi kimi uzun illər kəndlilərin istifadəsində olmuş sahələri zəbt edənlər vəzifəli şəxslərin yaxınlarıdır. Nəticədə kəndlilər heyvandarlıqla məşğul ola bilmirlər. Kənd sakini Elmar İsmayılov danışır:

“Pullu adamlar örüş sahələrini icarəyə götürüb əkin sahəsinə çevirib. Əkin üçün icarəyə götürülən 2 hektarlıq örüş sahəsində artezian quyusu qazılıb. Sual olunur, yüz hektarlarla əkin sahələri, pay torpaqları susuz qala-qala, 2 hektarlıq sahədə dövlət niyə artezian quyusu vurur? O sahə yalnız bir fermerin qazanc yeridir, yüz hektarlarla sahələr bütün kəndin əhalisinin dolanışıq yerləridir. Son 5 ildə kənddə üç artezian quyusu vurulub. Üçü də örüş sahələrində… Səbəbi də odur ki, gələcəkdə su olan ərazi kimi əkin torpaqları adı altında satsınlar. Ağstafa çayının giriş yolunu da satıblar. Kənddə satılmayan bir qarış da yer qalmayıb”.

Kəndlilər deyir, 1 ildən çoxdur ki, rayonun icra hakimiyyətinin başçısının qəbuluna düşə bilmirlər. Eyni məqsədlə sonuncu dəfə quruma bu il fevralın 6-da gediblər və növbəti dəfə qapıdan qovulublar.

Kənd sakini Vüqar Rəhimov:

“Heyvanı harda suvaraq? Deyirlər, 10 kilometr aralıda su var, aparın, orada suvarın. Kəndin gələcəyinə ümid yoxdur. Vəziyyətimiz necə olacaq, bilmirik. Yüzlərlə ailə çörəksiz qalıb. Kənddəki əkinə yararlı torpaqlar susuzluq üzündən istifadəsiz qalıb, kəndli isə acından ölür. Camaat dolana bilmir. Ailəni necə saxlayaq? Çarəmiz bircə ona qalıb ki, heyvanlarımızı staq, qapılarımızı qıfıllayıb Bakıya köçək”.

Kəndlilər deyir, kənddə fermerlik fəaliyyəti ilə məşğul olan Qurban Yusifov heyvanların örüşə və çaya çıxış yolunu və örüşü zəbt edib. Hər tərəfi bağladığından kəndlilər heyvanları örüşə çıxara bilmir. Onların iddiasına görə, sahibkar təkcə örüş yolunu yox, Ağstafa çayına gedən yolu da zəbt edib. Nəticədə kəndlilər çaydan istifadə edə bilmirlər.

Kənd sakini Elxan Qasımov:

“Bu boyda kəndin torpaqları 3-4 nəfərin əlində qalıb. Bu qədər kəndli mal-qarasını otarmağa yer tapmır. Səbəb də odur ki, həmin 3-4 nəfər bütün örüş yerlərini ələ keçirib. Fermer Qurban Yusifov çayın kənarında ferma açıb və yol bağlanıb. Bu səbəbdən də mal-qara çayda su olanda içə bilmir. Nə heyvan, nə insan çaya yaxın düşə bilmir. O çaydan təkcə mal-heyvan su içmirdi, kənarında istirahət edirdik, düşüb çimirdik. Olan-qalan rahatlığımız da əlimizdən alınıb. Bir qrup adam kənddə hər şeyi kəndlinin əlindən alıb. Hətta axar çayı da... Şikayət edəni də hədə-qorxu ilə susdurmağa çalışırlar".

Kənd sakinlərinin deməsinə görə, şikayətlərindən sonra onlara rəsmi qurumlardan ötən il cavab məktubunun üstündə bir sənəd göndərilib. Həmin sənəddə qeyd olunub ki, Poylu kənd sakinlərinə məxsus olan həmin torpaqlar kənd bələdiyyəsinin 2002-ci il qərarı ilə yem bitkilərinin əkilməsi məqsədi ilə Qurban Yusibova 15 il müddətinə icarəyə verilib. Müqavilənin müddətinin 2017-ci ilin yanvar ayında başa çatacağı qeyd edilib. Buyaxınlarda kəndlilər araşdırıblar ki, Qurban Yusifov bu ilin yanvarında yenidən kənd bələdiyyəsinə müraciət edib, lakin onunla müqavilə bağlanmayıb. Kəndlilər iddia edirlər ki, hazırda fermer onların torpaqlarından qanunsuz istifadə edir.

Elmar İsmayılov:

"İndi də rəsmi qurumlar bizə deyirlər ki, onun müqaviləsinə xitam verilsə də, torpaq sahəsinə taxıl səpdiyi üçün, taxıl biçininə qədər torpaq sahəsi müvəqqəti onda qalmalıdır. Taxıl çoxdan biçilib, indi də baxırıq ki, həmin fermer örüş sahələrimizə traktor salıb şumlatdırır, torpağı qarğıdalı əkininə hazırlayır".

Kəndlilərin dolanışığı heyvandarlıqdan və əkinçilikdən çıxır. Ancaq iddialarına görə, torpaqların zəbt olunması üzündən nə əkinlə, nə də heyvandarlıqla məşğul ola bilmirlər. Bir də kənddə ciddi su problemi var. Kəndlilərin deməsinə görə, kənddəki iki artezian quyusundan biri fermanın ərazisində, biri isə 87 hektar dövlətin fond torpağında vurulub. Kəndlilər bu quyuların heç birinə yaxın düşə bilmir.

Ağstafa Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, kəndlilərin örüş problemi yoxdur:

"İstifadələrində azı 500 hektar örüş sahəsi var, yenə narazıdırlar. O fermerin fəaliyyəti qanunidir. Sadəcə, nədənsə, kəndlilər onu qaralayıb, yola vermirlər. Kənddə kifayət qədər su da var, torpaq da..."

x

YAZARIN DİGƏR YAZILARI