Azərbaycana oxumağa gələn tələbələrin sayı niyə azdır?

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 41 nəfər çoxdur

Hazırda Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır.

APA Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ötən tədris ili ilə müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 41 nəfər çoxdur.

Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2190-ı isə özəl ali məktəblərində ali təhsil alır.

Qonşu ölkənin müxtəlif ali məktəblərində ümumilikdə 10 063 xarici ölkə vətəndaşı təhsil alır.

Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edir. Onların hamısı özəl ali məktəblərin tələbələridir.

İki il öncə ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən “USNews&Worldreport” qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlamışdı. Siyahıda 60-a qədər ölkənin 1000 universitetinin adı var. Azərbaycanın ali təhsil ocaqlarının adı siyahıya düşməyib.

Sonuncu yerlərdən birini tutsa belə, Gürcüstan Dövlət Universitetinin də adı dünyanın ən güclü 1000 ali təhsil ocaqları siyahısındadır.

Ötən il Britaniyanın “Quacquarelli Symonds Koncalting” şirkətinin hazırladığı reytinqdə isə Azərbaycanın cəmi iki universiteti yer alıb. Bakı Dövlət və Xəzər Universitetləri. Onlar da reytinqin ən aşağı pillələrində - sonuncu yüzlüklərdə qərarlaşıblar.

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycandakı ali məktəblər qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər:

“Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır”.

Kamran Əsədov onu da deyib ki, universitetlərə xarici tələbə axını azdır:

“Misal olaraq, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinqin 500-lüyünə düşməməsi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər”.

x

YAZARIN DİGƏR YAZILARI